Bakı. Trend:
Azərbaycan və Böyük Britaniyanın "Nscale" şirkəti arasında süni intellekt və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Böyük Britaniyaya səfər çərçivəsində süni intellekt infrastrukturu və xidmətləri sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti Filip Sachs və icraçı direktoru Fabio Fregi ilə görüş keçirdik.
Görüşdə Azərbaycanın süni intellekt və rəqəmsal infrastruktur sahəsində regional mərkəzə çevrilmək məqsədilə milli strategiya həyata keçirdiyini və bu vizyonu dəstəkləmək üçün dünya səviyyəli texnologiya tərəfdaşları ilə əməkdaşlıq etdiyini vurğuladıq.
“Nscale”in data mərkəzləri və süni intellekt xidmətləri üzrə təcrübəsi çərçivəsində Azərbaycanla birgə investisiya, layihələr, texnoloji və kadr hazırlığı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik", - paylaşımda qeyd edilib.
