Bakı. Trend:
Bu gün 8 Noyabr Zəfər Günündə Bakıda keçirilən yürüş hər birimizi çox qürurlandırır.
Bunu Trend-ə Bakı sakini İlham Şirəliyev deyib.
O qeyd edib ki, bu sevincli günləri bizə yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və rəşadətli ordumuzdur.
“Bu qələbə xalqımızın inamını özünə qaytardı, qalib xalqa çevrildik. 30 illik həsrətimizə son qoyan ordumuza ömürböyu minnətdarıq. Şəhid olan hərbçilərimizin ruhunu hər zaman dərin hörmətlə anacağıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün 8 Noyabr Zəfər Günü ilə bağlı Bakının müxtəlif ərazilərində yürüş keçirilib.
Yürüş istiqamətlərindən biri də Musabəyov parkı ərazisindən başlayıb, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti və Parlament prospektindən keçməklə Şəhidlər Xiyabanına qədər davam edib.
Xatırladaq ki, Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.