...

Amerikansayağı söz azadlığı

Siyasət Materials 8 May 2015 12:18 (UTC +04:00)
Mayın 2-dən 5-nə qədər Latviyanın paytaxtı Riqa şəhərində UNESCO-nun təşkilatçılığı ilə 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə beynəlxalq konfrans keçirildi. Konfransın ideya əsasını “Qoy jurnalistika çiçəklənsin” tezisi təşkil edirdi.
Amerikansayağı söz azadlığı

Mayın 2-dən 5-nə qədər Latviyanın paytaxtı Riqa şəhərində UNESCO-nun təşkilatçılığı ilə 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə beynəlxalq konfrans keçirildi. Konfransın ideya əsasını "Qoy jurnalistika çiçəklənsin" tezisi təşkil edirdi. Konfransa dünyanın 70-dən çox ölkəsindən 500-ə qədər nümayəndə qatılmışdı. Tədbirdə müasir jurnalistikanın əsas problemləri təhlil ediləcək, daha operativ və daha təhlükəsiz, daha doğru və daha dəqiq jurnalistika məsələləri müzakirə olunacaqdı. İclasın gündəliyində bütün mövzular üç qrupda birləşdirilmişdi: birincisi, jurnalistikada dəqiqlik, ikincisi, jurnalistikada gender bərabərliyi, üçüncüsü, jurnalistikada təhlükəsizlik məsələləri. Hər 3 mövzu olduqca maraqlı idi.

Səfərimiz köhnə Riqa adlandırılan şəhərin köhnə hissəsindən başladı. İlk tədbirimiz Stokholm İqtisadiyyat məktəbində oldu. Ancaq proqramda nəzərdə tutulmayan bir iclas olduğuna görə, mən bu tədbirdən son anda xəbər tutdum. Tutar-tutmaz da dərhal həmin ünvana yollandım. Xoşbəxtlikdən tədbir qaldığım otelə yaxın idi. Qeyd etmək lazımdır ki, tədbir maraqlı təşkil olunmuşdu. Müxtəlif ölkələrdə söz və mətbuat azadlığının vəziyyəti müzakirə olunurdu. İlk növbədə isə, jurnalistikayla bağlı, bu gün aktual hesab olunan savaş bölgələrində yəni, Ukrayna, Rusiya cəbhəmində baş verənlər kontekstində jurnalistikanın problemləri müzakirə olunacaqdı. Plenar iclasda 3 nəfər məruzəçi müəyyənləşdirilmişdi. Onlardan biri Rusiya, digəri ukraynalı, üçüncüsü isə Azərbaycandan idi.

"Agos" qəzetinin əməkdaşı Azərbaycan mətbuatı üzrə ekspert statusunda...

Mənim üçün maraq doğuran və həm də bir qədər də anlaşılmaz olan azərbaycanlı məruzəçinin Arzu Qeybulla olması idi. O, auditoriyaya Azərbaycandan mətbuat üzrə ekspert kimi təqdim olunanda doğrusu artıq bundan sonra Azərbaycanla bağlı məruzənin necə olacağını təxmin etmək bir o qədər də çətin deyildi. Çünki biz Arzu Qeybullanı ermənilərin İstanbulda çıxan "Agos" qəzetində işlədiyi vaxtdan tanıyırıq. Və belə bir qəzetdə çalışan jurnalistin Azərbaycanla bağlı ekspert təyin edilməsi, əslində təşkilatçıların ölkəmizlə bağlı məqsədlərinin nə olduğundan xəbər verirdi. Bəlli oldu ki, hazırda Arzu Qeybulla həm də "Azadlıq" radiosunda hansısa proqram layihəsi üzrə əməkdaşlığa cəlb edilib. Həmin proqram çərçivəsində də bu xanımı Azərbaycan üzrə ekspert təyin ediblər.

Azərbaycanda mətbuatın vəziyyətinə erməni gözü ilə qiymət

Elə gözlədiyimiz kimi də oldu. Arzu Qeybulla Azərbaycanda mətbuat azadlığının, söz azadlığının olmadığından, jurnalistlərin həbsdə olmasından danışdı. Əlbəttə, digər məruzəçilər də öz ölkələrini tənqid edirdilər. Hətta rusiyalı məruzəçi də qeyd etdi ki, ümumiyyətlə, Rusiyada jurnalistləri həbs etmirlər, onları, sadəcə, öldürürlər. Öldürülən jurnalistlərin sayına görə Rusiya dünyada birinci yerdədir və s. Bənzər məsələlərə ukraynalı jurnalistlər də toxundu. Onların əsas çıxışlarının məzmunu Donbas və Xarkovda baş verən proseslərlə bağlı idi. Həmin çıxışlarda jurnalistlərin orada çətin təhlükəli fəaliyyəti və yaxud bəzi hallarda separatçıların jurnalistlərə göstərdiyi etimad ya da təhdid kimi məsələlərə toxunuldu. Bununla bərabər, hər iki məruzəçi ölkələrində olan pozitiv hadisələrdən də danışdılar. Ancaq təəssüf ki, Arzu Qeybulla bütün çıxışı boyu Azərbaycanda jurnalistika, milli mətbuatımız, onun inkişafı, jurnalistikaya göstərilən qayğı, Azərbaycanda internet və söz azadlığı ilə bağlı məsələlərdən bir kəlmə belə danışmadı. Doğrusu, konfransda təsadüfən görüşdüyümüz həmkarım Azər Həsrətlə mən təəssüflə bu səhnəni izləyirdik. Çıxışlardan sonra replikalarda Azər Həsrət Azərbaycanda söz və mətbuat azadlığından danışdı. O, özünün də vaxtı ilə narazı jurnalistlər təşkilatına rəhbərlik etdiyini, amma hal-hazırda Azərbaycanda söz və mətbuat azadlığının təmin edildiyini bildirdi. Əlbəttə ki, bu çıxışa münasibət o qədər də isti olmadı.

Devid Makkrounun "söz azadlığı qoçuları"

Bundan sonra mən söz aldım. Yeri gəlmişkən, tədbirin moderatoru Devid Makkrou "The Nyu-York Times" kompaniyasının vitse-prezidenti idi. Mən replikama belə başladım ki, bu çox yaxşı tədbirdir. Çox hörmətli bir auditoriya toplaşıb və burada jurnalistikanın olduqca aktual məsələləri müzakirə olunur. Ancaq hesab edirəm ki, bu qədər hörmətli, bu qədər ciddi auditoriyaya qeyri-dəqiq informasiyalar vermək olmaz. Bu auditoriyaya hörmət etmək lazımdır. Ən azından ona görə ki, burada dünyanın 70 ölkəsindən nümayəndələr var və hesab edirik ki, jurnalistikanın əsas prinsiplərindən biri, məhz obyektivlikdir. Ona görə də, mən gözləyirdim ki, Azərbaycan üzrə ekspert Arzu Qeybulla bu auditoriyaya obyektiv məlumat verəcək. Ancaq təəssüf ki, onun Azərbaycanla bağlı fikirləri ya qeyri-dəqiq idi, ya da təhrif olunmuşdu. Elə sözümün bu hissəsində yerdən mənə replikalar atmağa başladılar və mən bütün bunlara baxmayaraq, çıxışımı davam etdirdim. Qeyd etdim ki, Arzu Qeybulla, ümumiyyətlə, Azərbaycanla əlaqəsi olmayan bir insandır. O, Azərbaycanda yaşamır. Azərbaycan mətbuatı ilə heç bir əlaqəsi olmadığına görə Azərbaycan üzrə ekspert olacaq bir peşəkar deyil. Mətbuat təcrübəsi Azərbaycanda olmayıb. Ona görə də, kənardan aldığı informasiyalar əsasında hazırladığı bu çıxış obyektiv hesab oluna bilməz. Təəssüf ki, fikrimi tamamlamağa qoymadılar. İlk növbədə isə, məsələyə moderator Devid Makkrou reaksiya verdi və mənim mikrofonumu söndürdü. Onun mənə qarşı aqressiv münasibətini görən auditoriya isə daha da fəallaşmağa başladı. Mən çox təəssüf etdim ki, söz və mətbuat azadlığının müzakirə olunduğu belə bir mötəbər tədbirdə fərqli fikrə, obyektiv fikrə bu cür aqressiv münasibət oldu. Və dünyaya söz və mətbuat azadlığının etalonu kimi təqdim olunan ABŞ jurnalistikasını təmsil edən nümayəndə mənim fərqli fikrimə dözməyərək sözümü kəsdi. Ya bu Amerikansayağı mətbuat azadlığıdır, ya da bu mətbuat azadlığı ilə manipulyasiyadır.

Qlobal dəyərlərlə manipulyasiya, yaxud söz azadlığını gözdən salanlar

Mətbuat azadlığı vahid kriteriyalarla qiymətləndirilən konkret hadisədir. Yəni, Azərbaycanda da, Amerikada da, Afrikada da, Avropada da, eyni kriteriyalarla qiymətləndirərək mətbuatın azadlığına qiymət vermək olar. Ancaq təəssüf hissi ilə qeyd etməliyəm ki, mən bu tədbirdə gördüm ki, Azərbaycanda mətbuat azadlığının qiymətləndirilməsi üçün başqa, Amerikada, yaxud Avropada mətbuat azadlığının qiymətləndirilməsi üçün başqa kriteriyalar tətbiq olunur. Beləliklə, burda biz söz və mətbuat azadlığı kimi qlobal dəyərlərlə necə manipulyasiya edildiyinin şahidi olduq. Belə aydın olur ki, Amerika üçün söz və mətbuat azadlığı Amerikanın mənafeyi, ABŞ maraqlarının qorunmasıdır. Eyni şey Avropa üçün də keçərlidir. Amma tutaq ki, Azərbaycanda mətbuat azadlığının qiymətləndirilməsi Azərbaycan cəmiyyətinin və hakimiyyətinin "beşinci kolon"a və yaxud transmilli manipulyativ medianın fəaliyyətinə münasibəti ilə bağlıdır. Bax elə burda da ikili standart başlayır.

Sən demə, hər ölkənin özünün "xədicələri, eminləri" varmış

Biz, həmçinin, şahidi olduq ki, bu tədbirdə əsas etibarı ilə bura toplaşan 70 ölkənin hər birinin özünün Xədicə İsmayılovası, Emin Millisi var. Mənə olan münasibətdən başa düşdüm ki, məhz mən 70 ölkədən gələn xədicə ismayılovaların, emin millilərin iştirak etdiyi tədbirdəyəm. Peşəkar jurnalist kimi daşıcıyıcısı olduğum bu peşənin sahiblərinin, mənim həmkarlarımın söz və mətbuat azadlığına bu cür yanlış, bu cür manipulyativ münasibəti sözün açığı məndə böyük xəyal qırıqlığı yaratdı.

Latviya milli kitabxanasında möhtəşəm açılış və mənim Devid Kayeyə deyə bilmədiklərim

Sonrakı tədbir Latviyanın milli kitabxanasında keçirildi. Açılışda UNESCO-nun baş direktoru İrina Bokova çıxış etdi. Həmçinin, Latviya Prezidenti Andris Berzinş də tədbirə qatılaraq xoş sözlər söylədi, söz və mətbuat azadlığının əhəmiyyətindən danışdı. Və bundan sonra 3 gün davam edən konfransda dünya mətbuatının aktual problemləri müzakirə edildi. Sonda UNESCO-nun söz və mətbat azadlığı üzrə koordinatorlarından biri Devid Kaye yenə Azərbaycan haqqında danışaraq Xədicə İsmayılova kimi jurnalistlərin həbsdə olduğunu söylədi. Kofe-breyk zamanı mən Devid Kayeyə yaxınlaşıb bildirmək istədim ki, niyə siz Amerika cəmiyyətində mətbuat azadlığına münasibətdən danışmadınız. Əgər burda söz və mətbuat azadlığı müzakirə olunursa Edvard Snoudenin adı çəkilməliyidi. Çünki müəyyən informasiyaları ictimailəşdirdiyinə görə, ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən təqib edildi, ölkədən qaçmağa məcbur oldu. Bu gün də vətəninə dönə bilmir, azadlıqda gəzə bilmir. Bəs buna sizin münasibətiniz necədir? Niyə ABŞ-da söz və mətbuat azadlığına, informasiya almaq hüququna belə qısqanc münasibət var? İkincisi soruşacaqdım ki, Julian Assangen "wikileaks" saytında yaydığı informasiyalar ABŞ-ın maraqlarına uyğun gəlmədiyinə görə, onu təqib etdiniz və hələ də onu həbs təhlükəsi gözləyir. Əgər biz həqiqətən söz və mətbuat azadlığından danışırıqsa bunlardan da danışmalıyıq. Yox əgər o adamların, o jurnalistlərin və yaxud bloggerlərin fikir və fəaliyyəti Amerikanın maraqlarına zidd hesab olunursa, deməli başqa dövlətlərin də bu dövlətlərdə fəaliyyət göstərən ayrı-ayrı adamların bloggerlərin fəaliyyətinə münasibəti elə ABŞ-dakı kimi ola bilər. Bəs siz nəyə görə ABŞ-da baş verən bu məsələlərə başqa cür Azərbaycanda və yaxud digər postsovet ölkələrində olan məsələlərə fərqli yanaşırsınız. Çox təəssüf ki, D.Kaye inadla mənimlə dialoqdan qaçdı. Və mən ona bu fikirlərimi çatdıra bilmədim.

Latış milli-etnik musiqisi latış xalqının ruhunun rəsmini çəkirdi

Bütövlükdə, tədbirin təşkilatçılığına söz ola bilməzdi, plenar iclaslardan sonra ayrı-ayrı sessiyalarda qadın bərabərliyi, jurnalistikada informasiya təhlükəsizliyi, informasiya sahəsində biznes və s. kimi məsələlər müzakirə olunurdu. Və eyni zamanda, elektron medianın hazırkı, problemləri və onun gələcəyi ilə bağlı məsələlər də müzakirə edildi. Konfransın son günündə müəyyən mədəni tədbirlər təşkil olunmuşdu. Latviyanın Milli Etnik Xorunun ifasında bir neçə mahnıya qulaq asmalı olduq. Heç bir musiqi aləti ilə müşayiət olunmayan bu xor çox maraqlı ifalar edirdi. Bu musiqi sanki təkcə musiqi deyildi. Musiqidən, daha çox, daha ötə bir şey idi. Çünki Latviya milli orkestrinin milli xorunun musiqi ifaları, bir növ Latviya xalqının ruhunun rəsmini çəkirdi. Latviya xalqının tarixini əks etdirirdi. Onların həyat tərzini, keçib gəldikləri yolu, onların yaşamları, milli təfəkkürlərini, nümayiş etdirirdi. Sadəcə, ayrı-ayrı xor üzvlərinin çıxardığı səslərlə elə bir kompozisiya yaranırdı ki, burdan Latviyanın tarixini görməmək mümkün deyildi. Və bu səslərdən çox dəqiq müşahidə etmək olurdu ki, bu xalq çox bəlalarla üzləşib. Xalq kimi formalaşana qədər çox böyük əziyyətlər çəkib. Və bu günə çatana qədər çox iztirablı yol keçiblər. Səslərdəki qorxu, gizlilik, səslərdəki bir növ gizli xəbərləşmə notları, səslərin çox alçaqdan, kimdənsə qorxurmuş kimi çıxması və s. bunu ifadə edirdi. Bu səslər elə bir kompozisiya yaradırdı ki, biz bu xorun ifasında ümumilikdə Latviyanın tarixi ilə tanış ola bildik. Biz bu səs harmoniyasında Latviyanın finlər, ruslar, isveçlilər, almanlar, polyaklar tərəfindən zaman-zaman tutulduğunu, bu imperiyalar içərisində keçən sıravi latviyalının həyatını gördük. Hər halda mənim qənaətim belə idi.

Riqada nə "RAF" qalıb, nə də "VEF"...

Latviya hər nə qədər Avropa İttifaqının üzvü olsa da çox kasıb bir ölkədir və əhalinin böyük bir hissəsi rusdillidir. Ona görə də, latışlarla ünsiyyətdə heç bir problemimiz olmurdu. Təqribən 2 milyona qədər əhalisinin olduğu iddia olunur. Amma söhbət etdiyim şəxslərin qənaəti belə idi ki, əhalinin sayı iki milyona çatmır. Riqa şəhərində 700 minə qədər insan yaşayır. Əlbəttə ki, bu da rəsmi statistikadır. Əslində isə, şəhər 70-ci illərin tipik Sovet şəhərini xatırladır. İnsanlar azdır, maşın azdır, canlanma müşahidə olunmur. İqtisadiyyatları olduqca zəifdir. Əlbəttə ki, bu, bizdə təəssüf doğururdu. Ancaq insanlara münasibətləri çox həssasdır, diqqətlidirlər. Vaxtı ilə Latviyanı şöhrətləndirən Riqa Avtomobil Zavodu artıq yoxdur. Bizim "RAF" kimi tanıdığımız və çox komfortlu, sevdiyimiz nəqliyyat vasitəsindən əsər-əlamət qalmayıb. Bir vaxtlar hər birimizin sevə-sevə dinlədiyimiz "VEF radio"su da yoxdur. Radiozavod çoxdan metalloma təhvil verilib. Əvvəllər onlara şöhrət gətirən məhsulların heç biri artıq istehsal olunmur. Sadəcə, daxili bazar üçün kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı ilə məşğuldurlar. Söhbət etdiyimiz hər kəs deyirdi ki, əsasən gənclər, yəni 90-cı illərdən sonra formalaşan yeni gənclik ingilis dilini mənimsəyib və qərb ölkələrinə gediblər. İqtisadiyyatın böyük bir hissəsinə ruslar və rusdillilər nəzarət edir. Gedən latış gənclərin yerini də ruslar və ya rusdillilər tutur. Çünki əhalinin 20 faizdən çoxu ruslardır. Amma bura digər rusdilliləri - ukraynalılar, polyaklar, belaruslar və digər slavyan xalqlarını da gəlsək, Latviyada demək olar ki, rus dili hakimdir. LTV adlı bir rusdilli kanalın olduğunun da şahidi olduq. Bu, çox operativ xəbərlər yayan kanal kimi tanınır.

Əlvida Latviya... Finlandiyada görüşənədək

Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı keçirilən bu konfransdan sonuncu gün Riqa bəyannaməsi qəbul edildi, növbəti tədbirin Finlandiyada keçirilməsi qərara alındı. Mənim üçün isə bu konfransdan yaddaqalan əsas hadisə Latviya Milli Etnik Xorunun insanın qəlbini parçalayan kompozisiyası və bir də bizə "demokratiya dərsi" keçən, söz və mətbuat azadlığından danışan ölkələrin nümayəndələrinin söz və mətbuat azadlıqlarına qarşı nə qədər dözümsüz davranmaları oldu.

Hikmət Babaoğlu

Bakı-Moskva-Riqa-Moskva-Bakı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti