...

Yeni kibertexnologiyalar, Asanc və Şeyx Nəsrullah

Cəmiyyət Materials 12 Sentyabr 2011 16:48 (UTC +04:00)
Bəşər sivilizasiyasının indiki mərhələsində kibertexnologiyanın inkişafı insanların sosial, mədəni, iqtisadi və siyasi həyatında olduqca əhəmiyyətli yer tutan bir vasitəyə çevrilib.
Yeni kibertexnologiyalar, Asanc və Şeyx Nəsrullah

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu

Bəşər sivilizasiyasının indiki mərhələsində kibertexnologiyanın inkişafı insanların sosial, mədəni, iqtisadi və siyasi həyatında olduqca əhəmiyyətli yer tutan bir vasitəyə çevrilib. Sosial innovasiya kimi qiymətləndirə biləcəyimiz bu hadisə, eyni zamanda, kibertexnologiyalar vasitəsilə iki sosialyönümlü xüsusi fəlsəfi ideyanın, azadlıq və nəzarətin də məzmun və mahiyyətinə yeni keyfiyyət dəyişiklikləri gətirib. Bu günə qədər bəşər tarixində elə bir kommunikasiya vasitəsi olmayıb ki, cəmiyyətin sosial münasibətlərini, fərdlərarası münasibətləri, cəmiyyətdaxili institutlararası münasibətləri bu dərəcədə asanlaşdıran və birbaşa edən bir vasitə olsun.

Tarixdə görünməmiş şəkildə xalqlar və toplumlar arasında operativ informasiya mübadiləsini təmin edən bu yeni texnologiya, eyni zamanda, qloballaşan dünyada xalqlar və dövlətlər arasında rəsmi sərhədi aradan götürdüyü kimi, həmçinin, xalqlar arasında mənəvi, mədəni və demək olar ki, din sərhədlərini də aradan götürməkdədir. "Bu sürətli inkişaf bəşər sivilizasiyasına nələri, necə və nə qədər zamanda gətirəcəkdir, bu proses nə vaxt başa çatacaqdır və ilkin nəticələri nə zaman müzakirə etmək olacaqdır" sualı hələlik cavabsız qalır.

Azadlıq, yoxsa anarxiya?

Amma görünən və cavabı bəlli olan bir məsələ budur ki, bu proses çox sürətlə gedir və bəşəriyyəti insanların proqnozlaşdıra bilmədikləri nöqtələrə gətirib çıxarır. Yeni kibertexnologiyalar yaradılan zaman bütün yeniliklər kimi adətən, ilk növbədə, onu yaradan və idarə etməyə çalışan mərkəzlərin maraqlarına xidmət etsə də, sonrakı mərhələdə öz-özlüyündə yarımmüstəqil platformaya çevrilərək proqnozlaşdırılmayan və idarə olunmayan proseslərə gətirib çıxarır. Və belə demək mümkünsə, bir mənada yeni innovasiyalar və yeni kibertexnologiyalar insanlara yeni azadlıqlar bəxş edirsə də, eyni zamanda, bu azadlıqların hüdudları, ölçüsü və dərəcəsi qeyri-müəyyən olduğu üçün bunun azadlıqmı, yoxsa anarxiyamı olduğuna dair ciddi suallar yaradır. Məsələ bundadır ki, yeni texnologiyalar yaradılan zaman, ilk növbədə, qarşıya qoyulan məqsəd həmin texnologiyalara nəzarət etməyi də özündə birləşdirən bir ideya idi. Təəssüf ki, get-gedə nəzarət amili özünü itirdi və artıq kibertexnologiya virtual məkanda öz-özünə inkişaf edən, öz-özünü tənzimləyən, özü öz sərhədlərini və öz keyfiyyətini müəyyənləşdirən nizamlı, bəlkə də xaotik bir prosesə çevrilir. Bu azadlıqdırmı? Bu proses idarə olunandırmı, nəzarət ediləndirmi? Qeyd-şərtsiz bu suallara "hə" və ya "yox" cavabı vermək olduqca çətindir.

Lakin məsələ bundadır ki, bu proses dağın zirvəsindən aşağıya doğru yuvarlanan qar topası kimi get-gedə böyüyərək, çığ şəklini almaqdadır. Qar axını, qar uçqunu dediyimiz bu çığ kiminsə maraqlarına ziddir, kiminsə maraqlarına uyğundur. Amma özünə rəqib tanımayan bu qar uçqunu bəzi xalqlar və dövlətlər üçün bir fəlakət, həmçinin, məğlubiyyət, bəzi xalqlar və dövlətlər üçün isə bir zəfər və qalibiyyətdir. Məsələ ondadır ki, kibertexnologiyaların gətirdiyi bu "azadlığın" nə məqsədə xidmət etdiyi, daha doğrusu, bu "azadlığın" necə olmasını azadlığın daşıyıcısı olan fərdlər dərk etmədən bu sürətli axan dağ çayını xatırladan daşqının içərisində qərq olaraq bir də özünü açıq dənizin dərinliklərində görür. Və bu azadlıq dənizində üzməyi bacarmırsa həmin fərdlər boğulacaqdır. Orada sadəcə üzməyi bacaranlar yaşaya bilirlər. Yəni, azadlıqdan necə və nə cür istifadə etməyi bacaranlar, azadlıqları milli və dövlət maraqları ilə uzlaşdırmağı bacaranlar bu prosesdən qalib ayrıla bilərlər. Milli və dövlət maraqları, eyni zamanda, fərdi maraqları təmin edən sosial anlayış olduğu üçün, deməli, əslində, fərdi də içərisində bəsləyən bir hadisədir. Ancaq təəssüf ki, bəzi hallarda biz sadəcə kor-koranə sevən aşiqlər kimi "azadlıq", "demokratiya" sözünə aşiq olub, sonrakı mərhələdə nə olacağını düşünmədən özümüzü axan dağ çayının içərisinə atırıq. Ona görə də hər halda dünyada baş verən bu proseslərin, kibertexnologiyaların gətirdiyi informasiya axınının və informasiya okeanının içərisində üzməyə və yaşamağa hazır olmalı, qabil olmalıyıq.

Yeni dövrün Troya atı

Yeni resurslar, yeni texnoloji innovasiyalar bir çox hallarda onu yaradan və idarə edən güc mərkəzlərinin istismarında olmaqla məhz onların dövlətçilik və milli maraqlarına xidmət edir. Bu, bir növ Troya atını xatırladır.

Ortada sahibsiz bir qənimət var və biz bu qəniməti qalamızın, yəni milli dövlətimizin içərisinə çəkirik. Sonradan bəlli olur ki, əldə etdiyimizə görə sevindiyimiz bu qənimətin içərisində bizi içəridən dağıdacaq, qalamızın qapısını yadlara, düşmənlərə açacaq ünsürlər var. Düz tarixin "Troya dərsində" olduğu kimi. Və görə bilmədiyimiz, proqnozlaşdıra bilmədiyimiz halda bir müddətdən sonra sevə-sevə qəbul etdiyimiz bu qənimət bizi içəridən dağıdacaqdır. Burada söhbət təkcə Azərbaycandan deyil, imperialist güclərdən kənarda olan bütün ölkələrdən gedir. Bu müqayisədən sonra biz yeni kibertexnologiyaların yeni keyfiyyətdə təzahürünün şahidi oluruq. Məsələ ondadır ki, kibertexnologiyalar hər nə qədər sərhədləri, xalqlar arasında mədəniyyəti və dil baryerlərini aradan götürən, inkişafı sürətləndirən, sosial, siyasi və iqtisadi əlaqələri gücləndirən, qloballaşmanı təmin edən bir vasitədirsə, yeni keyfiyyətdə, eyni zamanda, bəşəriyyətin mübarizə tarixində xalqlararası döyüş meydanında da bir silahdır. Deməli, kibertexnologiyalar xalqları nə qədər birləşdirirsə, eyni zamanda, bir o qədər də xalqları bir-birindən uzaqlaşdırır, dövlətlərarası münasibətlərə nə qədər xidmət göstərirsə, bir o qədər də dövlətlərarası münasibətləri korlayır. Nəticə etibarı ilə nə olduğu bəlli olmayan və bəşəriyyəti hara götürəcəyi sona qədər dərk olunmayan bu virtual silah bəşəriyyətin inkişafı və dünyanın gələcəyi ilə bağlı böyük bir sual işarəsidir. Ona görə də bu məsələdə çox həssas olmalıyıq və prosesdə iştirakımız və necə iştirakımızla bağlı çox təmkinlə qərar verməliyik. Elə etməliyik ki, kibertexnologiyalardan, yeni innovasiyalardan milli və dövlətçilik maraqları naminə istifadə etməyi bacaraq, həmçinin bunun üçün müvafiq addımlar ataq.

Kibercasusluq - dövlətlərin təhlükəsizliyini təhdid edən ən aparıcı silahlardan biri kimi

Heç də təsadüfi deyil ki, kibertexnologiyalar inkişaf etdikcə bununla bərabər dilimizə yeni terminologiyalar daxil olur. Bunlardan biri də kibercasusluqdur. Kibercasusluq hazırda dünya dövlətlərinin təhlükəsizliyini təhdid edən ən aparıcı silahlardan birinə çevrilib. Kibercasusluq sayəsində bu gün hər hansı bir şəxsin ofisində olan ən gizli informasiyadan başlamış ən ciddi dövlətlərin, hətta bəzi nüvə dövlətlərinin belə milli təhlükəsizlik şuralarında səslənən fikirlər və planlara qədər əldə etmək olur. Ona görə də ciddi ölkələr, böyük dövlətlər bunun qarşısını almaq üçün həm hərbi, həm də sivil müstəvidə tədbirlər həyata keçirirlər. Məsələn, kiberməkana nəzarət etmək üçün ABŞ ordusunda Kiberqüvvələr Əlahiddə Komandanlığı yaradılıb. Məncə, bu cür institutlar hər bir milli dövlətdə də yaradılmalıdır. Hazırda kiberməkanda milli mənafeləri qorumaq milli dövlətləri düşündürən başlıca məsələlərdən biridir. Ona görə də biz heç bir halda kiberməkanı, internet məkanını sadəcə demokratiya, azadlıq, insan hüquqlarını təmin edən bir resurs kimi nəzərdən keçirməməliyik. Eyni zamanda, biz bunu bir təhdid kimi görməliyik və buna qarşı qabaqlayıcı tədbirlər almalıyıq. Əlbəttə ki, bu bir yandan hərbi-siyasi səviyyədə dövlət tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən, sosial-mədəni səviyyədə isə fərdlər və ziyalılar tərəfindən həyata keçirilməlidir. Çünki bu birləşdirici, inteqrasiyaedici, amma həm də dağıdıcı ünsür bizim və bizim kimi imperialist güclərin təzyiqindən əziyyət çəkən xalqlar üçün də ciddi bir təhlükədir.

Başqa bir təəssüfedici məqam ondan ibarətdir ki, Azərbaycan kimi ölkələrdə internet resurslarının, kibertexnologiyaların qara bazarından bəhrələnmək və manipulyativ informasiyalardan bəhrələnərək bunun üzərində ictimai münasibəti qurmaq meyilləri daha güclüdür. Çünki manipulyativ informasiyalar fərdin özündən xəbərsiz olaraq şüuraltı hafizəsinə təsir göstərməklə onun yönləndirilməsi konsepsiyasını özündə əks etdirir. Və qlobal kiberdünyanı idarə edən güclər də məhz həmin hədəfi nəzərə alaraq, bu auditoriya üçün düşünülmüş məxsusi informasiyalar istehsal etməklə çirkli internet bazarı münasibətlərini stimullaşdırırlar. Bu isə eynən genetik modifikasiya olunmuş məhsullara bənzəyir. Xəbərimiz olmadan illər keçdikdən sonra nəsilartırma qabiliyyətini, düşünmə qabiliyyətini məhdudlaşdıran genetik modifikasiya olunmuş məhsullar kimi bunlar da düşüncələrimizi, beynimizi eyni dərəcədə zədələyərək xəstəlik yaradır. Bölücülük xəstəliyi yaradır, vətəndaş-dövlət bağlarını qoparan xəstəlik yaradır, cəmiyyətdə qütbləşməni stimullaşdıran və cəmiyyətin substratları hesab edilən institutları dağıdan xəstəlik yaradır. Buna görə də hər bir Azərbaycan ziyalısı, xüsusən, kiberməkanda xalqı təmsil edən Azərbaycan jurnalistləri, gəncləri və ziyalıları bu məsələləri dərindən düşünməli, kiberdünya ilə əlaqələri də məhz bu müstəvidə, bu amilləri nəzərə alaraq qurmağı bacarmalıdırlar.

Qərbin Şeyx Nəsrullahı - Asanc

Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində çox maraqlı bir obraz var. İrandan gəlmiş, fırıldaqçı bir molla Şeyx Nəsrullah ölüləri diriltmək adı altında xalqın, millətin, sadə insanların həyatını alt-üst edir, hətta onların namusuna əl atır. Məsələ bundadır ki, bu, könüllülük əsasında baş tutur. Bu gün isə informasiya məkanında elə hallar var ki, bunu eynən Şeyx Nəsrullahın fəaliyyəti kimi dəyərləndirmək olar. Məsələn, "WikiLeaks" deyilən bir informasiya mənbəyində kibercasusluqdan istifadə olunaraq, yaxud kibercasusluq üçün könüllü donor olan mərkəzlərdən ötürülən informasiya ilə bu gün dünyanın ən güclü dövlətlərinin belə gerçək gündəliyi dəyişdirilir, məşğul edilir. Və çox təəssüf ki, biz Qərbin Şeyx Nəsrullahı olan Asanca və onun yaydığı informasiyalara könüllü şəkildə inanırıq. Beləliklə, xəbərimiz olmadan Şeyx Nəsrullah millətimizin namusuna əl uzatdığı kimi "şeyx" Asanc da yaydığı bu informasiyalarla milli təhlükəsizliyimizə əl uzadır. Təəssüfedici haldır ki, virtual aləmin, kibertexnologiyaların məqsədindən və məzmunundan, onun alt qatında gizlənən məqsədlərdən xəbəri olmayanlar və yaxud xəbəri olaraq könüllü şəkildə buna alət olmaq istəyənlər də milli birliyimizə və bərabərliyimizə kölgə salır, eyni zamanda, Azərbaycanın milli dövlət kimi qonşuları ilə, həmçinin, strateji müttəfiqi olan ölkələrlə münasibətlərini də korlayacaq qədər bu informasiyaları ictimailəşdirməyə çalışırlar. Hər bir ölkənin vətəndaşlarının hər nə qədər informasiya əldə etmək hüququ varsa, bir o qədər də təhlükəli informasiyalardan qorunmaq hüququ vardır. Bu gün Azərbaycan mətbuatının vəzifəsi təkcə cəmiyyəti, ictimaiyyəti informasiyalarla təmin etmək deyil, eyni zamanda, onun informasiya təhlükəsizliyini də qorumaqdan ibarətdir. Buna görə də, hesab edirik ki, qərbli Şeyx Nəsrullah - Asancın fikirlərinə, yaydığı informasiyalara bu qədər ciddi bir mənbə kimi yanaşmaq yox, ona məhz milli dövlətlərin təhlükəsizliyini təhdid edəcək, hətta dövlətlərarası münasibətləri inhisara götürmək istəyən bəzi beynəlxalq güc mərkəzlərinin inhisar silahı kimi baxmaq daha yaxşı olardı.

Xəbər lenti

Xəbər lenti