...

Kollektiv qeyri-şüuri hərəkət, Ömər Muxtarın eynəyi, işğal və mənəviyyat

Cəmiyyət Materials 28 Oktyabr 2011 16:42 (UTC +04:00)
Sosiologiyada bəzən mübahisələr doğuran, bəzən qəbul edilən, bəzən isə inkar edilən bir terminologiya var: kollektiv qeyri-şüuri hərəkət və yaxud kollektiv qeyri-şüuri davranış.
Kollektiv qeyri-şüuri hərəkət, Ömər Muxtarın eynəyi, işğal və mənəviyyat

Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Sosiologiyada bəzən mübahisələr doğuran, bəzən qəbul edilən, bəzən isə inkar edilən bir terminologiya var: kollektiv qeyri-şüuri hərəkət və yaxud kollektiv qeyri-şüuri davranış. Mən bu anlayışı tamamilə qəbul edirəm və əminəm ki, bu, çox dəqiq ifadədir. Amma bir fakt da ondan ibarətdir ki, kollektiv qeyri-şüuri davranış yalnız ekstremal şəraitdə baş verir. Normal, inkişaf etmiş, özünü və dəyərlərini dərk edən cəmiyyətlərdə isə kollektiv qeyri-şüuri davranışlar olmur. Bu, hər bir cəmiyyətin inkişaf tarixində keçdiyi real mərhələlərdən biridir.

Kollektiv qeyri-şüuri davranış az inkişaf etmiş xalqların cəmiyyətində daha tez-tez rast gəlinən, hətta deyərdim ki, təkrar olunan bir hadisədir. İntellektual yükü və çəkisi, intellektual potensial güclü olan cəmiyyətlərdə bu cür davranış ya bir, ya da iki dəfə təkrar olunur. Az inkişaf etmiş cəmiyyətlərdə isə bu vaxtaşırı təkrar olunur. Çox təəssüf ki, ayrı-ayrı toplumlarda biz bu cür davranışları bu gün də müşahidə etməkdəyik. Bunların ən bariz nümunələrindən biri hazırda Yaxın Şərqdə olan və bir növ bizlə bərabər ortaq dinin, mədəniyyətin daşıyıcısı olan toplumlarda baş verir.

Ərəb-islam cəmiyyətlərində qeyri-şüuri davranışların səbəbləri...

Əslində, mahiyyət etibarilə İslam dini qeyri-şüuri hər şeyi rədd edir. Amma çox təəssüf ki, İslam mədəniyyəti kimi böyük bir mədəniyyəti dünyaya bəxş etmiş və bəlkə də bu gün onun cəzasını çəkən dindaşlarımızın yaşadığı toplumlarda zaman-zaman bu cür kollektiv qeyri-şüuri davranışların şahidi oluruq. Bunun baş verməsi üçün, ilk növbədə, cəmiyyətdə xaos və bir ekstremal vəziyyət yaratmaq tələb olunur. Bundan sonra bir neçə aktiv fərdlər üzərində qurulan oyun kollektiv şüuru blokadaya alır. Onların şüualtı davranışları ilə manipulyasiya edilir və cəmiyyət öz davranışları üzərində nəzarəti itirən bir kütləyə çevrilir. Bundan sonra isə dediyimiz təzahürlər - kollektiv psixoz, kollektiv nevroz, kollektiv nifrət və kollektiv xaos baş verir. Eyni zamanda, o gözətçi fərdlərlə, yaxud şərti katalizator adlandıracağımız fərdlərlə bu kollektiv qeyri-şüuri davranış idarə olunur, yönləndirilir, onlara ideya verilir. Nəticədə isə toplum bu kollektiv qeyri-şüuri davranışın əsirinə çevrilir. Təbii ki, hərəkət qeyri-şüuri olduğu üçün artıq bu prosesdə şüurlu mühakimə də iştirak etmir. Hadisələrin inkişafına şüurlu yanaşma da arxa plana keçir və demək olar ki, unudulur. Çox təəssüf ki, bu zaman həmin aqressiya təkcə bir hədəfə, tutaq ki, siyasi hədəfə deyil, bütövlükdə tarixi keçmişə, milli-mənəvi dəyərlərə, milli mentalitetə və cəmiyyətin qəbul etdiyi bütün normal münasibətlərə qarşı yönəlmiş olur. Bu isə toplumlarda əsrlər, yüz illər boyu bərpa olunmayan fəsadlara gətirib çıxarır. Toplumun qeyri-sağlam münasibətlərə olan immunitetini öldürür. Bu immunitetin bərpası isə onilliklər tələb edir. Ona görə də hər bir xalq, hər bir toplum addım atmadan, kütləvi psixoza və kollektiv qeyri-şüuri davranış tələsinə düşmədən öncə hər halda bu barədə düşünməlidir. Bu, ilk növbədə, həmin xalqın ziyalılarının və öndə gedən liderlərinin davranışlarından da bir qədər asılıdır.

Baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur

Bu gün Liviyada baş verən, "ərəb baharı" adlandırılan hadisələrə ən müxtəlif aspektlərdən yanaşmalar var. Bu hadisələr ən müxtəlif şəkildə izah olunur. Bəziləri onu "ərəb baharı", bəziləri "diktaturanın çöküşü", bəziləri isə "ərəb demokratiyası" adlandırırlar. Amma adını nə qoyuruqsa, qoyaq, əminəm ki, heç bir halda bunun demokratiya ilə hər hansı bir əlaqəsi yoxdur. Çünki hadisələrin inkişafı göstərir ki, yıxılan bir despotun, yıxılan bir diktatorun yerinə ondan daha qəddarı və yaxud ondan daha düşüncəsizi gəlir. Hadisələrin inkişaf tarixinə nəzər salsaq görəcəyik ki, Misirdə "diktaturanı quran" Hüsnü Mübarək Misirin milli qəhrəmanı və Misir dəyərlərinin layiqli təmsilçisi, eyni zamanda, kifayət qədər intellektual bir insan idi. Əgər bu cür səciyyələndirdiyimiz şəxsiyyətin idarə etdiyi dövlət sonda diktatura kimi təsnifatlandırıldısa, bəs görəsən dini, etnik və sosial ziddiyyətlər əsasında formalaşan və meydana gələn indiki liderlərin qurduğu dövlət nə olacaq? Və yaxud Liviyada uzun müddət Amerika işğalına qarşı vuruşmuş, yenə vaxtı ilə milli qəhrəman kimi səciyyələndirilən, həmçinin, sosialist dəyərləri, humanist dəyərləri mənimsəmiş Liviya Xalq Cəmahiriyyəsi qurmuş bir siyasi avtoritetin qurduğu dövlət diktatura kimi səciyyələndirildi və dağılmağa məhkum edildi. Görəsən, bundan sonra qardaş qırğını üzərində hakimiyyətə gələn kollektiv qeyri-şüuri davranışın məhsulu kimi ortaya çıxan Müvəqqəti Keçid Şurasının qurduğu dövlət nə olacaq?

Heç kəs məni inandıra bilməz ki, yeni qurulacaq rejimlər əvvəlkindən daha yaxşı olacaq və bu rejimlər demokratik olacaq. Bu yerdə nəcabətli knyaz Nikolay Trubetskoyun rus tarixi ilə bağlı dediyi bir fikri xatırlatmaq istəyirəm. Nikolay Trubetskoy deyirdi ki, biz öz slavyan əcdadlarımızla fəxr etdiyimiz qədər öz turanlı əcdadlarımızla da fəxr etməliyik. Çünki Rusiyaya mərkəzləşmiş dövləti ruslar, slavyanlar deyil, türklər, tatarlar verib. Və 300 illik türk-tatar işğalından sonra 100 illik Roma-german təsiri Rusiyaya amansız qırğınlarla müşahidə edilən inqilab bəxş etdi. Ancaq 300 illik monqol-türk təsiri isə bizə mərkəzləşmiş dövlət verdi. Hər iki şəhadəti müqayisə etdikdə görəcəyik ki, birinci rus xalqı üçün daha xeyirli idi, tarixi baxımdan daha yararlı idi.

Əminəm ki, bu gün devrilən liderlərin öz xalqları üçün qurduqları sistem və dövlət, yeni gələnlərin qurduğundan daha xeyirli kimi səciyyələndirilə biləcək və tarix özü bunu göstərəcək. Məsələ ondadır ki, bir sıra xalqlar tarixin keşməkeşli hadisələrindən ibrət dərsi çıxara bilirlər. Lakin bəziləri isə təkrar-təkrar eyni səhvi etməklə, bir növ yerlərində sayırlar.

Liviya xalqı Ömər Muxtarın taleyindən ibrət dərsi götürə bilmədi

1936-cı ildə İtaliya faşizm rejimi, Mussolini diktaturası Liviyanı işğal etdi. Və o dövrdə də Qərb işğalçılarını Liviyaya cəlb edən əlbəttə ki, bu ölkənin təbii sərvətləri, konkret olaraq karbohidrogen ehtiyatları idi. Həmin vaxt İtaliya faşizminə və işğalına qarşı vuruşan Ömər Muxtar var idi. Ömər Muxtar çox böyük bir qəhrəmanlıq nümayiş etdirərək, uzun müddət İtaliya rejiminə qarşı mübarizə apardı. Çox böyük qələbələr əldə etdi. Və bu gün tarixin istehzasına baxmayaraq, o zaman Ömər Muxtar ölərkən Liviyanın gələcəyini gənclərə tapşırdı.

O gənclərin içərisində bəlkə Müəmmar Qəddafi və yaxud onun kimiləri də vardı. Çox təəssüf ki, o cür hadisələrin yetişdirdiyi gənclər bu hala düşdülər və görəsən indi yetişən gənclər Liviyanın gələcəyi üçün nə vəd edirlər? Bu mübarizə tarixi o qədər qəhrəmanlıqlarla dolu, mərd-mərdanə olub ki, sonradan Ömər Muxtar haqqında "Səhra aslanı" deyilən bir film çəkilib. Bu, olduqca maraqlı bir filmdir və məncə, orada olan bir sıra epizodlar Liviya xalqı üçün bir dərs keyfiyyətində idi. Nəhayət, Ömər Muxtar italyalılar tərəfindən həbs olunur və onun məhkəmə prosesi qurulur. Məhkəmə prosesində Ömər Muxtarı ittiham edən dövlət ittihamçısı onu İtaliya qanunlarına qarşı çıxmaqda, İtaliya ordusuna zərər verməkdə, İtaliya əsgərlərini amansızcasına qətlə yetirməkdə ittiham edir. Məhkəmə prosedurlarına uyğun olaraq, bir İtaliya əsgərini Ömər Muxtara vəkil təyin edirlər. Vicdanlı İtaliya əsgəri dövlət ittihamçısının bu ittihamları qarşısında Ömər Muxtara ölüm hökmü tələb etməsindən sonra onu müdafiə edir və deyir ki, siz Ömər Muxtarı sadaladığınız maddələrlə ittiham edə bilməzsiniz: "Çünki onun İtaliya hökuməti qarşısında heç bir hüquqi məsuliyyəti yox idi. O, İtaliya rejimini işğalçı adlandırır və onu qəbul etmir, İtaliyadan heç bir vaxt yardım almayıb və bu ölkə qarşısında heç bir öhdəçilik götürməyib. Belə olan halda siz onu İtaliya qanunları ilə mühakimə edə bilməzsiniz".

Bu haqlı etiraza baxmayaraq, yenə də Ömər Muxtar ölüm hökmünə məhkum olunur. Beləliklə, xalqın gözü qarşısında o. edam olunur. Amma məncə, faciə Liviyanın işğal olunması deyildi. Çünki tarix boyu ayrı-ayrı xalqların torpaqları işğal olunub və sonra zaman-zaman da geri qaytarılıb. Məncə, heç Ömər Muxtarın o şəkildə asılması da faciə deyildi. Çünki bu da qanunauyğun məntiqi sonluq idi. Əsl faciə Ömər Muxtar dar ağacından asılan zaman Liviya xalqının bu mənzərəni sakit şəkildə seyr etməsində idi. Ən təsirli səhnə isə Ömər Muxtar asılarkən ərəblərdən daha çox Ömər Muxtarı tutub, ölümə məhkum edən italiyalı işğalçı generalın onun üçün axıtdığı göz yaşları idi.

Ömər Muxtarın eynəyi...

Ömər Muxtar asılarkən əlində saxladığı eynəyi dar ağacının quraşdırıldığı meydançanın üstünə düşür. Bu zaman kütlənin içərisindən bir uşaq qaça-qaça gələrək, Ömər Muxtarın eynəyini götürür. Məncə bu eynək Ömər Muxtar tərəfindən Liviya xalqına miras qalan, gələcəyi görmə eynəyi idi. Bir milli özünüdərk eynəyi idi. İşğalçılara qarşı üsyanın simvolu olan bir eynək idi. Liviya xalqının bundan sonra baş verəcək hadisələri bu eynək vasitəsilə görərək, analiz edərək, qərar qəbul etməsi üçün qoyulan bir miras idi. Amma təəssüf ki, Ömər Muxtarın eynəyindən Liviya xalqı yaxşı istifadə edə bilmədi.

İslami dəyərlərə təcavüz

Yəni bu gün Liviya cəmiyyətində baş verən əxlaqsızlıq da, Liviya xalqının vaxtı ilə ata adlandırdığı şəxsə qarşı bu cür mənəviyyatsız davranış da əslində Qəddafi ilə bağlı deyil. Bu, bir xalqın mənəviyyat məsələsidir. Və Liviya xalqı, inqilabçılar, Müvəqqəti Keçid Şurası bilməlidir ki, onların törətdikləri bu hərəkətlər öz xalqının mənəvi dəyərlərinin çökməsinə səbəb olacaq. Bu, mənəviyyatı illərlə geri atacaq. İslam əxlaqına böyük zərbə olacaq. Bu dəyərlərin bərpası üçün bundan sonra Liviya xalqı uzun illər, hətta mən deyərdim ki, uzun qərinələr boyu çalışacaq. Ola bilsin ki, işğalçılar, imperialist güclər Liviyanı bərpa etsinlər, ola bilsin ki, Liviyada bir çox gözəl evlər, uşaq bağçaları, məktəblər tikiləcək. Amma Liviya xalqı qısa müddətdə mənəviyyatını bərpa edə bilməyəcək.

İslami dəyərlərin daşıyıcısı olan hər bir müsəlman bu gün həm də bir şeyin fərqində olmalıdır. Törədilən cinayətlər və hadisələr imperialist güclərin transmilli media orqanları vasitəsilə bütün dünyaya nümayiş etdirilir. Özü də sadəcə sıradan bir cinayət, yaxud hadisə kimi deyil, İslam dəyərlərini və İslam əxlaqını mənimsəmiş, o əxlaq və mədəniyyətin hegemon olduğu cəmiyyətdə baş verən hadisə kimi. Məncə, bu məsələ bütün müsəlmanların dini təəssüb məsələsidir. Bu, İslam dininin ən yaxşı və düşünülmüş antireklamıdır. Sivilizasiyaların dialoqunda və eyni zamanda, qarşıdurmasında İslama vurulan ən böyük zərbə və həm də İslam dininə edilən təcavüzdür. Transmilli mediada gedən videogörüntüləri izləyən orta səviyyəli bir müsəlman ziyalısı təqribən belə düşünür. Əgər mən müsəlmanamsa, o zaman Liviyadakı cinayətkarlar görəsən kimdir? Yox, onlar müsəlmandırsa, bəs görəsən, mən kiməm?!

Zülmlə abad olmaz!

Əgər biz belə düşünürüksə, görün, əksəriyyəti qeyri-müsəlman olan dünya ictimaiyyəti dinimiz haqqında nələr düşünür. İmperialist güclərin alçaq oyunu Yaxın Şərqə daha nələri vəd edir? Hesab edirik ki, ərəb-müsəlman dünyası artıq bu suala cavab tapmalıdır.

Məncə, artıq təkcə Liviya xalqının deyil, bütün müsəlman-ərəb xalqlarının oyanış vaxtıdır. Kollektiv qeyri-şüuri hərəkətdən imtinaetmə vaxtıdır.

Mən bu yazımla əsla diktatoru müdafiə etmək fikrində deyiləm. Amma Osmanlı dövründə türk-müsəlman dünyasında formalaşmış gözəl bir atalar sözü var idi: "Zülmlə abad olunmaz". Məncə bu gün Yaxın Şərq və Şimali Afrikanın ziyalılarının, hətta inqilabçılarının belə tezisi bu olmalıdır - Zülmlə abad olmaz!

Xəbər lenti

Xəbər lenti