...

Ziyalı - intellektual şəxs, funksional vahid, xüsusi missiyalı fərd, yoxsa siyasi manipulyator?!

Cəmiyyət Materials 16 Noyabr 2011 14:07 (UTC +04:00)
Ziyalı - intellektual şəxs, funksional vahid, xüsusi missiyalı fərd, yoxsa siyasi manipulyator?!
Ziyalı - intellektual şəxs, funksional vahid, xüsusi missiyalı fərd, yoxsa siyasi manipulyator?!

Hikmət Babaoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Gündəlik və elmi leksikonda istifadə edilən mühüm, işlək kateqoriyalardan biri də ziyalı və ziyalılıqdır.

Ziyalı anlayışı bəzi hallarda müxtəlif terminlər, bir çox hallarda isə ümumi kateqoriyalarla ifadə edilsə də, özündə ehtiva etdiyi məna çalarları etibarilə konkret sosial statusa malik olan müəyyən stratanı (təbəqəni) bildirməkdədir. Ərəb sözü olan "ziyalı" anlayışı etimoloji mənada "aydın", "nurlu" kimi sinonim sözlərlə ifadə olunsa da, semantik olaraq konkret bir sahədə müəyyən elmi biliklərə dərindən yiyələnmiş, öz fəaliyyət mexanizmi ilə adekvat elmi istiqamətdə fundamental töhfələr bəxş edən şəxs kimi səciyyələndirilir. Başqa sözlə, sosioloji terminlə ifadə etsək, ziyalı funksional vahiddir. Yəni onun sosiumdakı mövqeyi və mövqeyinə müvafiq funksional fəaliyyəti sayəsində yeni ictimai dəyərlər təşəkkül tapır, ziyalının intellektual potensialı istiqamətləndirici və tənzimləyici mexanizm qismində çıxış edir.

Bütün bunlarla yanaşı, zaman-zaman "ziyalı kimdir", "ziyalı ilə intellektual şəxsin fərqi nə(lər)dən ibarətdir" kimi suallar da səsləndirilir və bəzi hallarda bu istiqamətdə verilən cavablar müəyyən fikir dolaşıqlıqları meydana gətirir. Və çox zaman "müəyyən elmi istiqamətdə konkret biliklərə malik olan hər bir şəxs ziyalıdır" fikri səsləndirilir. Amma qeyd etmək lazımdır ki, ziyalılıq anlayışına fəlsəfi substratlar əsasında yanaşmaqla belə bir aksiomatik reallığı ortaya çıxara bilərik ki, konkret elmi istiqamətdə müəyyən biliklərə yiyələnmiş hər bir şəxs ziyalı deyildir.

Ziyalı yiyələndiyi elmi biliklərə və bunun sayəsində əldə etdiyi sosial statusuna müvafiq davranış və fəaliyyətə malik olan şəxsdir. Antik yunan filosofu Sokrat qeyd edirdi ki, hər bir ziyalı adlandırılan şəxs əldə etdiyi biliklərə, fəlsəfi-intellektual potensialına müvafiq surətdə davranmırsa, o zaman həmin şəxs ziyalı adlandırılmamalıdır. Sokratın bu fikrini modern sosioloji terminlərlə ifadə etsək, qeyd edə bilərik ki, fərd (geniş anlamda şəxsiyyət-H.B.) o zaman ziyalı adlandırıla bilər ki, o əldə etdiyi bilikləri, mövcud intellektual potensialını sosiumda özünün sosial statusu və daşıdığı dəyərlərlə uzlaşdırsın və müvafiq davranış forması sərgiləsin. Ən əsası odur ki, ziyalı adlandırılan şəxsin fəaliyyəti və dəyərləri ictimai dəyərlərlərlə uzlaşsın, ictimai və ümummilli əhəmiyyət kəsb etsin.

Ziyalı və eqo məsələsi eqoist və alturist mövqe kontekstində...

Bu, bir reallıqdır ki, hər bir cəmiyyətdə sosial statusundan asılı olmayaraq fərdlərin fəaliyyəti o zaman səmərəli və sosium üçün faydalı olur ki, o, ictimai əhəmiyyət kəsb etsin və hansısa korporativ maraqlara yox, toplumun ümumi dəyərlərinə və ali mənafeyinə tam cavab versin. Cəmiyyətşünaslıq elminin əsasları sübut edir ki, funksional vahid olan ziyalının da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsi onun ictimai dəyərlərlə və maraqlarla uzlaşmasından asılıdır. Əgər ziyalı adlandırdığımız şəxsin intellektual məhsulu fərdi və ictimai dəyərlərlə uzlaşırsa, eləcə də innovativ səciyyə daşıyırsa, deməli, cəmiyyətin milli maraqlarına və dəyərlərinə adekvat surətdə cavab verir. Bu isə cəmiyyətdə fərdlərin və institutların fəaliyyətinə yeni istiqamət və təkan verməklə stimulverici xarakter daşıyır.

Bütün bunlar isə bir daha ziyalı və eqo məsələsini aktuallaşdırır. Qeyd etdiyimiz kimi, funksional vahid olan ziyalı adlandırılan şəxsin intellektual potensialı sosiumda tənzimləyici və yönləndirici mexanizm kimi çıxış etdiyindən eqoizmin təzahürü olmamalıdır. Yenə sosioloji terminlə ifadə etsək, ziyalının fəaliyyət mexanizmi nə qədər fərdi səciyyə daşısa da, bir o qədər ictimai maraqlara cavab verən alturist xarakterli olmalıdır. Bəzən sosioloji ədəbiyyatda "alturizm" fərdi maraqların və dəyərlərin kobud surətdə sosial maraqlara qurban verilməsi kimi təqdim olunsa da, əslində, ifrat eqoizmin əksi kimi səciyyələndirilməlidir. Yəni fərd öz maraqlarını və dəyərlərini kobud surətdə başlıca istinad və hərəkət mənbəyi kimi götürmür, ictimai xarakterli mənafe və normalara da xüsusi yer verir. Başqa sözlə, maraqların və dəyərlərin uzlaşdırılması mexanizminin işləkliyi təmin edilir ki, bu da cəmiyyətdaxili ahəngdarlığı və dinamikanı şərtləndirən faktor qismində çıxış edir.

"Ziyalı və siyasət" məsələsi, yaxud bütün siyasətçilər ziyalı deyil

Müxtəlif sosioloji və fəlsəfi, eləcə də sosial-fəlsəfi mənbələrdə "ziyalı və siyasət" məsələsi aktiv müzakirə predmetinə çevrilən aktual problemlərdəndir. Məlum olduğu kimi, ziyalı sosiumda xüsusi strata qismində çıxış edir və cəmiyyətin stratifikasiyasında əhəmiyyətli rol oynayır. Xüsusilə də, postindustrial dövrdə sosial stratifikasiyada ziyalıların mövcudluğu, fəaliyyəti dinamik səciyyəli mexanizm qismində çıxış edir. Bu baxımdan, ziyalı özü müəyyən bir təbəqənin nümayəndəsi olsa da, ümumi mənada bütün strataların fəaliyyətinə və dəyərlərinə münasibətdə xüsusi təsir və tənzimetmə mexanizminə malik subyekt kimi səciyyələndirilir.
Ziyalının siyasətdə təmsil olunması məsələsinə gəlincə, bu məsələ barəsində reallıqdan qaynaqlanan və bir o qədər də normativ səciyyə daşıyan bir neçə konkret fikir söyləmək olar:
- əvvəla, "hər bir ziyalı siyasətin aktiv subyekti olmalıdır" fikrinin sosioloji və sosial-fəlsəfi anlamda tamamilə yanlış olduğunu diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Ziyalılıq ayrıca məslək kateqoriyası olmasa da, ziyalı şəxs hər hansı bir sahənin nümayəndəsidir və onun təmsilçiliyi müəyyən elmi istiqamətlə əlaqədardır. Digər tərəfdən, təmsil olunduğu elmi istiqamətdən asılı olmayaraq ziyalı öz sahəsində xüsusi fəaliyyət mexanizminə malik olan şəxsdir və onun bu və ya digər formada siyasi münasibətlər sistemində aktiv təmsilçi-aktor kimi çıxış etməsi mütləq zərurət deyil. Bununla yanaşı, bu və ya digər sahədə elmi tədqiqatlarla məşğul olan, elmi fəaliyyət mexanizminə malik olan ziyalının siyasətin subyekti qismində çıxış etməsi də qanunauyğun hal kimi səciyyələndirilə bilər. Bu baxımdan, sosial norma və dəyərləri mənimsəmiş, siyasi dünyagörüşünə malik olan ziyalının rasional və praqmatik surətdə siyasətdə aktor qismində çıxış etməsi də qəbuledilən haldır. İkincisi, ətrafında ən çox polemika aparılan fikirlərdən biri də "bütün siyasətçilər ziyalıdır" ifadəsidir. Xüsusi sosioloji araşdırmaya ehtiyac duymadan sadəcə reallığa nəzər yetirmək belə bir fikir irəli sürməyə imkan verir ki, bütün siyasətçilər ziyalı deyil. Siyasətçi olmaq hələ siyasi savada malik olmaq demək deyil. Bəzi siyasətçilər siyasi palitranın fəal subyekti qismində çıxış etdiyindən müəyyən siyasi dünyagörüşünə malik olsa da, elmi istiqamət kimi siyasi biliklərin məcmusunu dərindən mənimsəmiş şəxs qismində çıxış etmir. Ən yeni tariximizin, yəni müstəqillik tariximizin ilkin illərində Azərbaycan cəmiyyəti bunun şahidi oldu. Tarixi təcrübə və siyasi tariximiz göstərdi ki, yuxarıdakı keyfiyyətdə siyasi təmsilçi müasir siyasi sistem üçün o qədər də yararlı model deyil. Xüsusilə, qlobal siyasi proseslərin dərk edilməsi, strateji qərarların qəbulu prosesində bu çatışmazlıq özünü daha qabarıq büruzə verir. Bu baxımdan, məhz bu cür siyasətçiləri ziyalı yox, müəyyən siyasi dünyagörüşünə malik olan və siyasi palitranın təmsilçisi kimi çıxış edən subyekt qismində səciyyələndirmək məqsədəmüvafiqdir.

Nəticə etibarilə, o siyasətçi ziyalı şəxs kimi dəyərləndirilə bilər ki, o, ilk növbədə konkret elmi istiqamətdə əhəmiyyətli çalışmalara sahibdir, özünün fəaliyyət mexanizmi ilə müəyyən elm sahəsinə fundamental töhfələr bəxş etmişdir, zəngin siyasi irsin davamçısıdır, dünyada baş verən qlobal siyasi proseslərin alt məntiqini dərindən dərk edir, siyasətçi olaraq elitar siyasətin mətbəxinə bələddir, neokonservativ, eyni zamanda, modern keyfiyyətlərə malikdir, qəbul etdiyi siyasi qərarlar milli və dövlət maraqlarına tam cavab verir və s..

Bir qrup şəxs ziyalı statusundan siyasi manipulyasiya məqsədilə istifadə edir

Amma bu da bir reallıqdır ki, bir çox hallarda, xüsusilə də siyasi münasibətlər sistemində ziyalı və ziyalılıq statuslarından konkret siyasi maraqların təmin olunması üçün ideoloji vasitə qismində istifadə edilir. Xüsusilə də cəmiyyətdə təşəkkül tapmış norma və dəyərlərə uyğun olmayan siyasi kursa malik olan siyasətçilər bu və ya digər vasitələrdən özlərinin korporativ, xidmət etdikləri güclərin isə transmilli səciyyyəli destruktiv maraqlarını təmin etmək üçün yararlanırlar. İctimai dəstək almaq və xidmət etdikləri güclərin maraqlarının təmin olunması missiyasını reallaşdırmaq naminə bu sırada istifadə edilən vasitə, şübhəsiz, siyasi manipulyasiyadır.

Təəssüflər olsun ki, Azərbaycanda da belələri var və onlar siyasi palitranın dağıdıcı subyektləri qismində çıxış edirlər. Məsələn, son dövrlərdə özünü ziyalı adlandıran bir dəstə, yaxud şəxsi eqosu ziyalı kimliyinin üstündə olan ortabab bir intellektual konkret siyasi ambisiyalara müvafiq surətdə səsləndirdikləri fikirlərlə cəmiyyətdə çaşqınlıq yaratmağa, ictimai şüurla manipulyasiya etməyə çalışırlar. Acınacaqlısı odur ki, bunun üçün ziyalı adından istifadə edilir. Amma yuxarıda da qeyd etdiyimiz kimi, ziyalı ictimai dəyərlərə və milli mənafeyə uyğun olmayan konkret siyası maraqların təmin olunması missiyasına xidmət edən avantürist siyasətçi deyil, o, konkret bir sahədə müəyyən elmi biliklərə dərindən yiyələnmiş, öz fəaliyyət mexanizmi ilə adekvat elmi istiqamətdə fundamental töhfələr bəxş edən şəxsdir. Eyni zamanda qeyd etdiyimiz kimi, o şəxs ziyalı adlandırılmalıdır ki, o, əldə etdiyi bilikləri, mövcud intellektual potensialını sosiumda özünün sosial statusu və daşıdığı dəyərlərlə uzlaşdırsın və müvafiq davranış forması sərgiləsin. Bununla da həmin şəxs milli dəyərlərin təşəkkülü və möhkəmlənməsində, eyni zamanda, milli maraqların müdafiəsində funksional vahid kimi çıxış edir.

Amma təəssüflər olsun ki, bütün bu dəyərləri və normaları ayaqlar altına atan bəzi şəxslər (yaxşı ki, belələrinin sayı azdır) ziyalı və ziyalılıq adından siyasi manipulyasiya vasitəsi kimi yararlanır və aşındırıcı ünsür qismində çıxış edirlər. Bu, eyni zamanda, ziyalı adının təhrif olunması deməkdir. Nəticə etibarilə qeyd etmək olar ki, ziyalı statusu fərdin elmi kontekstdə öz fəaliyyətinə müvafiq surətdə əldə etdiyi ictimai statusdur. Özünü bundan kənarda görənlər isə şəxsi ambisiyalarının təmin olunması yönündə fəaliyyət göstərən destruktiv qruplar olduğundan ziyalı və ziyalılıq anlayışları ilə heç bir halda əlaqəli deyillər.

Xəbər lenti

Xəbər lenti