Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/
"Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı "Ruhunu bizimlə alovlandır" sloqanlı yeni avtobus turuna start verilir.
"Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubundan Trend-ə verilən məlumata görə, Fan Klub Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə aprelin 21-də avtobus turu çərçivəsində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkının qarşısında konsert təşkil edəcək.
Konsertin təşkil olunmasında əsas məqsəd "Eurovision 2012"-nin keçirilməsinə çox az qalmış bir müddətdə regionlarda və rayonlarda yaşayan insanlarda müsabiqəyə qarşı marağı daha da artırmaq və xatırlatmaqdır.
Konsert populyar şoumen Murad Dadaşovun aparıcılığı və bir sıra məşhur yerli estrada müğənnilərin ifası ilə keçrililəcək. Konsertdə, həmçinin Fan Klubun rəsmi DJ-i olan DJ China-nın da iştirak etməsi nəzərdə tutulub. Açıq havada keçirilən konsert proqramı saat 19:00-da başlayacaq və bir neçə saat davam edəcək.
Konsertin başlamasından bir neçə saat əvvəl Fan Klub üzvləri, fəallar və gənclər Bakı Biznes Mərkəzinin qarşısından "Eurovision" loqosu, bayraqları ilə bəzədilmiş avtobuslarda Qaradağ rayonu istiqamətinə hərəkət edəcəklər.
Qeyd edək ki, bu tur müxtəlif tarixlərdə respublikanın digər rayonlarında da keçiriləcək.
"Eurovision"un Azərbaycandakı Fan Klubu rəsmi olaraq 1 aprel 2008-ci il tarixində yaradılıb və hazırda tam qüvvə ilə ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz "Eurovision 2012"-yə dəstək istiqamətində fəaliyyətini davam etdirir.