Azərbaycan, Bakı, 17 may / Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) bəyan edib ki, Müsavat Partiyasının mitinq taktikası müxalifətin ziyanına işləyir. "Müsavatın aksiyalar təyin edib təxirə salması müxalifətin qeyri-ciddi obrazını yaradır, həmçinin mitinqlərin ikinci dərəcəli məsələ olması barədə fikir formalaşır. Bu isə onunla nəticələnəcək ki, aksiyalara zərurət yarandıqda kütləvi mitinqlər keçirə bilməyəcəyik", deyə şənbə günü Trend -a ADP sədri Sərdar Cəlaloğlu deyib.
Müsavat mayın 18-nə təyin etdiyi aksiyanı təxirə salıb. Buna səbəb kimi Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın partiyanın istədiyi yerlərdə (Füzuli meydanı, "Təbriz" (keçmiş "Sevinc") kinoteatrı, Ukrayna meydanı, keçmiş "Qələbə" kinoteatrının qarşısı və "Nərimanov" metrostansiyası qarşısı) yox, "Bibiheybət" qəsəbəsində keçirilməsinə icazə verməsi göstərilib. Bundan əvvəl də Müsavat mayın 4-nə təyin etdiyi aksiyanı eyni səbəbdən təxirə salmışdı.
Cəlaloğlu deyib ki, ictimai rəydə aksiyalara maraq yoxdur. "Biz görəndə ki, ayrı-ayrı yerlərdə kortəbii aksiyalar keçirirlər, onda müxalifət olaraq qərar verib, onları təşkilatlandırmalıyıq. İndiki halda bunu müşahidə etmirik. Belə olan halda, hər hansı bir partiya yalnız öz tərəfdarlarına, üzvlərinə arxayın olub aksiya keçirməlidir. Müsavat özü də aksiyaları o qədər zəruri hesab etmir ki, hökumət ona məqbul yer ayırmadıqda aksiyanı təxirə salır. Bu baxımdan, düşünmürəm ki, Müsavat mitinqlərə həvəsli görsənir. Həvəsli olsaydılar, Bakı Şəhər İcra Hakimiyyətinin cavabını əsas götürüb, mitinqləri təxirə salmazdılar" - deyə Cəlaloğlu vurğulayıb. Onun fikrincə, mitinqlər haqqında qərar verilirsə, nəyin bahasına olursa-olsun mütləq həmin mitinqlər keçirilməlidir.
Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.
Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə şənbə günü Trend -a Cəlaloğlunun fikirlərini şərh etmək istmədiyini bildirib. "Bizi onun fikirləri maraqlandırmır"- deyə o qeyd edib.
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla Parlamentdə təmsil olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]