Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycan prezidenti seçkilərində GUAM - ın müşahidəçi missiyası namizədlər üçün yaradılmış seçkiqabağı şəraitdən razıdır. Seçicilərə fikirlərinin çatdırılması üçün bütün namizədlərə bərabər şərait yaradılıb, - GUAM missiyasının rəhbəri, təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib. Missiya bu fikrə ölkədə seçkiqabağı vəziyyəti müşahidə etdikdən sonra gəlib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Seçkilər hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir, seçkiqabağı kampaniyanın sakit gedişi isə, seçkiləri asayiş pozuntusu olmadan keçirməyə imkan verir, - o bildirib.
Seçki günü GUAM-ın missiyası mümkün qədər çox regionu əhatə etməyi planlaşdırır, - Çeçelaşvili vurğulayıb.