Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanda keçirilən prezident seçkisində iştirak etməyən siyasi təşkilatların təmsil olunduqları Müxalifətin Əməkdaşlıq Mərkəzinin oktyabrın 18-də paytaxtın mərkəzi meydanlarından birində etiraz aksiyası keçirməklə bağlı müraciətinə cavab verib. "Bakı Şəhər İcra Hakimiyyəti bizim müraciətdə göstərdiyimiz doqquz meydanın heç birində aksiyanın keçirilməsini məqbul hesab etməyib və paytaxtın kənarında yerləşən Bibiheybət stadionunda keçirilməsinə icazə verib", - bu barədə cümə axşamı Trend -a Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Trend -un arayışı: Müxalifətin Əməkdaşlıq Mərkəzində Müsavat, Vətəndaş və İnkişaf, Xalq Cəbhəsi partiyaları, Milli Birlik Hərəkatı və "Azərbaycan Naminə" İctimai Forum təmsil olunur.
Hacılı qeyd edib ki, İcra Hakimiyyətinin qərarı qanuna ziddir. Çünki "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əsasən, aksiyanın yerini, vaxtını və şüarlarına təşkilatçılar müəyyənləşdirirlər.
"Bizim Bibiheybətə getmək fikrimiz yoxdur. Aksiyanın təxirə salınacağı istisna deyil və onun keçirilib-keçirilməyəcəyi haqda yekun qərar sabah aparılacaq müzakirələrdən sonra məlum olacaq", - deyə Hacılı əlavə edib.
Onun sözlərinə görə, mərkəzdə təmsil olunan təşkilatlar icazəsiz aksiyaların keçirilməsi məsələsinə müxtəlif mövqelərdən yanaşırlar. Ona görə də icazəsiz aksiyaların keçirilib-keçirilməyəcəyi məlum deyil.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]