...

Həcc : problemlər və təkliflər --TrendNews – un icmalçısı

Siyasət Materials 3 Dekabr 2008 13:06 (UTC +04:00)
Həcc : problemlər və təkliflər --TrendNews – un   icmalçısı

Azərbaycan, Bakı, 02 dekabr/ Trend /

Bəhram Həsənov Trend - un Yaxın Şərq redaksiyasının icmalçısı

Hər dəfə Həcc mövsümü əsnasında zəvvarların qarşılaşdıqları problemler, mərasim zamanı ölüm hallarının baş verməsi kütləvi informasiya vasitələrində tez-tez işıqlandırılır. Zəvvarların ölümü və qarşılaşdıqları problemlər bəzən heç kimdən asılı olmayan səbəblərdən baş versə də, çox vaxt təşkilatçılıq məsələlərindəki çatışmazlıqlar nəticəsində yaranır. Hər il 3 milyondan çox zəvvarın həcc ziyarətinin təşkil edilməsi, şübhəsiz, heç də asan məsələ deyil. Zəvvarların sayının getdikcə artdığını nəzərə alsaq, bir neçə ildən sonra həcc ziyarətini təkbaşına təşkil edən Səudiyyə Krallığının, bundan da əhəmiyətlisi, zəvvarların daha ciddi problemlərlə qarşılaşmaları qaçınılmaz olacaq. Düzdür, Səudiyyə Kralllığı problemlərin həlli üçün müəyyən addımlar atır. Həcc ibadətinin tərkib hissələrindən olan "şeytana daş atmaq" mərasimindəki qələbəlikdə ölüm hallarının qarşısının alınması üçün 4 mərtəbəli körpünün tikilməsi bu addımların ən önəmlilərindəndir. Indi eyni vaxtda 500 min zəvvar bu körpülərin üstündə mərasimi icra edə bilirlər. Lakin zəvvarların qarşılaşdıqları problemləri təkcə şəraiti yaxşılaşdırmaqla həll etmək mümkün deyil. Dünyanın 180-dən artıq ölkəsindən həcc ziyarətinə gələn və hansı şərtlərlə qarşılaşacağını bilməyən zəvvarlar burada özləri də fərqinə varmadan yeni problemlər yaradırlar. Zəvvarların əvvəlcədən marrifləndirilməsi, hətta onlara uzunmüddətli treninqlər keçirilməsi problemlərin minimuma endirilməsinə əhəmiyyətli dərəcədə kömək edə bilər. Lakin bunun təkcə Səudiyyə Krallığı tərəfindən həyata keçirilməsi mümkün deyil və beynəlxalq səviyyəli bir təşkilata ehtiyac var. Maarifləndirmənin və treninqlərin, bütün ölkələrdə yerli nümayəndələri olan beynəlxalq bir təşkilat tərəfindən keçirilməsinin bir çox müsbət təsirləri ola bilər. Hər şeydən əvvəl, müxtəlif mədəni mühitlərdən gələn zəvvarların bir mərkəzdən müəyyən edilən meyarlara əsasən maarifləndirilməsi həcc ziyarəti mərasimlərinin daha intizamlı və problemsiz yerinə yetirilməsinə səbəb olar. Digər tərəfdən, treninqlərin yerli nümayəndələr tərəfindən həyata keçirilməsi zəvvarların mənsub olduqları cəmiyyətlərin özünəməxsusluqlarını nəzərə alacağı üçün, daha səmərəli olacaq. Həccin təşikilinin beynəlxalq təşkilat tərəfindən həyata keçirilməsinin digər müsbət cəhəti də təşkilatda iştirak edən bütün tərəflərin dini görüşlərinin nəzərə alınması olacaq. Həcc ibadətinin çox vaxt Səudiyyə Krallığındakı rəsmi dini görüşün tələblərinə əsasən həyata keçirilməsi və dinə fərqli yanaşmalara dözümlülük göstərilməməsi zəvvarların tez -tez şikayət etdikləri məsələlərdən biridir. Bütün müsəlmənları maraqlandıran həcc ziyarətinin plüralist bir təşkilat tərəfindən təşkil olunması müxtəlif dini görüşlərin nəzərə alınmasına səbəb olmaqla, bu cür şikayətləri minumuma endirə bilər. Bu təşkilatı İslam Konfransı Təşkilatı nəzdində və yaxud tamamilə müstəqil bir formada yaratmaq mümkündür. Əsas məsələ ondan ibarətdir ki, belə bir təşkilatın qurulmasında hansısa ölkələrin maraqları yox, zəvvarların heç bir problemlə qarşılaşmadan öz ibadətlərini yerinə yetirmələri ön planda saxlanımlaıdır.

Xəbər lenti

Xəbər lenti