Azərbaycan, Bakı, 27 may / Trend , müxbir, K. Zərbalıyeva/ Ötən axşam Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət ərazisində Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının kütləvi qida zəhərlənməsi faktı ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, hal-hazırda hərbi qulluqçulardan 6 nəfəri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicələrini davam etdirirlər və vəziyyətləri kafidir.
Cinayət işi üzrə Məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin olunmaqla ilkin istintaq hərəkətləri aparılır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, qidadan 164 əsgər zəhərlənib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]