...

Azərbaycan və İran konsulluq məsələlərinə dair müzakirələri bərpa edəcək – nazir müavini Həsən Qəşqavi (MÜSAHİBƏ)

Siyasət Materials 4 Fevral 2010 14:00 (UTC +04:00)
Trend News-un Fars redaksiyasının Bakıda rəsmi səfərdə olan İranın xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi ilə müsahibəsi
Azərbaycan və İran konsulluq məsələlərinə dair müzakirələri bərpa edəcək – nazir müavini Həsən Qəşqavi  (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir T.Cəfərov/

Trend -un Fars redaksiyasının Bakıda rəsmi səfərdə olan İranın xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi ilə müsahibəsi

- Azərbaycana səfər proqramınız çərçivəsində hansı görüşləri keçirmisiniz və nə kimi məsələlər müzakirə olunub?

Azərbaycana səfərdə 4 əsas məqsədim var. Onlardan ən əhəmiyyətlisi, bildiyiniz kimi İran fevralın 1-dən etibarən (İranda İslam İnqilabının 31-ci ildönümü ilə əlaqədar olaraq bayram tədbirlərinin başlanması münasibəti) Azərbaycanla viza rejiminin birtərəfli ləğvi prosesinin icrasına başlayıb. Mən istədim ki, bu gündə Azərbaycan xalqının yanında olum.

Bundan başqa, səfərdən ikinci və üçüncü məqsədim səfirliyin ikinci binasının açılış mərasimində iştirak etmək və eləcə də İranın Saderat bankının sərmayəsi ilə Azərbaycanda ilk dəmir konstruksiyalı hündür mərtəbəli binanın təməl qoyma mərasimində iştirak etməkdir.

Mənim Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlərim olub. Mən azərbaycanlı həmkarım, xarici işlər nazirinin müavini Vaqif Sadıqovla görüşmüşəm. Görüşdə konsulluq məsələləri üzrə iki ölkə arasında sonuncu dəfə 2005-ci ildə keçirilən müzakirələrimizin yenidən başlanmasına dair razılaşmışıq. Bu müzakirələrdə ölkə vətəndaşları, məhbusların mübadiləsi, tələbələrin problemləri və b. bu kimi məsələlərə baxılması nəzərdə tutulub. Bu məqsədlə cənab Sadıxov İrana səfər edəcək və müzakirələrin necə və nə vaxt keçiriləcəyinə dair razılıq əldə olunacaq.

Bundan əlavə, mənim Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və parlamentin spikeri Oktay Əsədovla görüşlərim olub. Yaxın bir ay ərzində cənab Əsədovun iranlı həmkarı Əli Laricaninin dəvəti ilə İrana səfəri gözlənilir. Görüşdə biz ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair müzakirələr apardıq.

- Son illərdə İranın xaricdə olan bəzi şirkət, bank və şəxslərinin aktivləri dondurulub. İran bu problemin həlli istiqamətində nə kimi işlər görüb? Beynəlxalq qurumlara şikayətlər olunubmu?

- İranın Xarici İşlər Nazirliyində konsulluq məsələləri üzrə beynəlxalq qanunlar və konvensiyaların tələbinə uyğun olaraq, iki idarə iranlıların hüquqlarını müdafiə edir. Biz öz vətəndaşlarımızın hüquqlarını qorumağa borcluyuq. Həmin idarələrdən biri "İranlılarla iş üzrə idarədir". Bu idarə mənim idarəçiliyim və nəzarətim altında fəaliyyət göstərir. Ikinci İdarə isə nazirliyin hüquq məsələləri üzrə idarəsidir. Bu iki idarə qarşılıqlı fəaliyyət göstərərək yerli və xarici hüquq müdafiəçiləri ilə məsləhətləşmələr aparır. Biz aktivlərin qanunsuz dondurulmasının qarşısını almaq və bu problemin həlli istiqamətində işlər görürük. Dondurulmuş aktivlərin böyük əksəriyyəti qeyri-qanuni şəkildə baş verib və İranda özəl sektora siyasi təzyiqi artırmaq məqsədi güdür. Bu məsələlərin hər birinin ayrı-ayrılıqda diqqətlə həlli istiqamətində işlər görülür. Bizim aktivlərin dondurulması baş verən ölkələrdəki səfirliklərimiz problemin həlli istiqamətində işlər aparır.

- Amerikada 10 nəfər iranlı həbsdədir. İran onların azad edilməsinə dair nə kimi işlər görür?

- Həbs edilmiş şəxslərin hamısı təqsirsizdir. Həbs olunanların hamısının adını sadalamaq və həbs edilmə səbəblərini açıqlamaq uzun vaxt çəkər. Nümunə üçün Gürcüstanda həbs olunmuş iranlı tacir Ərdəbilinin adını çəkə bilərəm. Həmin şəxs tamamilə ticarət işilə məşğul olub. Ərdəbili beynəlxalq qanunlar çərçivəsində və həmin ölkənin qanunları çərçivəsində ticarət işi ilə məşğul olub. Təəssüflər olsun ki, Gürcüstan hökuməti o vaxt cənab Ərdəbilini ABŞ və Gürcüstan dövlətləri arasında məhkumların mübadiləsi müqaviləsinin olması bəhanəsi ilə Amerikaya təhvil verdi.

Cənab Ərdəbilinin ailəsi onun taleyi ilə əlaqədar çox narahatdır. Ərdəbilinin ticarətdən başqa bir işlə məşğul olması ilə bağlı heç bir sübut tapa bilmədilər. İran Parlamenti bu məsələni diqqət mərkəzində saxlayıb. Bu məsələ ilə bağlı İranın xarici işlər naziri Mənuçöhr Müttəki hesabat vermək üçün parlamentə çağırılıb. Biz İran vətəndaşlarının hüquqlarının müdafiə edilməsi məsələsini öz diplomatiyamızın qarşısında prioritet vəzifə kimi qoymağı özümüzə borc bilirik. Biz dünyanın hər yerində iranlıların hüquqlarını və ləyaqətini qorumağa qərarlıyıq.

- İran Əfqanıstana kömək etməyə dair nə kimi proqram təklif edir və bu problemin həll edilməsi məqsədilə genişmiqyaslı əməkdaşlıq üçün nəkimi maneələr mövcuddur?

-Bizim bir qonşu ölkə kimi Əfqanıstanda sülh, sabitlik yaranmasını və inkişaf etməsini istəməyimiz təbiidir. Ona görə ki, qonşu ölkədə baş verən hadisələrin bizə də təsirsiz ötüşməyəcəyi aydındır. Stabilliyin pozulması halları artıb və təəssüflər olsun ki, infrastrukturların yenidən qurulması sahəsində də işlər yavaş gedir. Əfqanıstandakı real vəziyyət göstərir ki, bu ölkənin probleminin hərbi yolla həll edilməsi qeyri-mümkündür. Əgər bu problemin həlli ordu yeritmək vasitəsilə mümkün olsaydı, bu zaman müsbət nəticə göz qabağında olardı.

Əfqanıstan problemi ilə bağlı ikinci məsələ bundan ibarətdir ki, bəzi qüdrətli ölkələr ifratçılıqla mübarizə bəhanəsi ilə öz mənfəətlərini güdürlər. Bu səbəbdəndir ki, təəssüflər olsun, bizdə olan statistikaya əsasən narkotik maddələrin istehsalı artıb və Əfqanıstanda qeyri-stabillik hökm sürür. Bizim fikrimizcə, hər bir ölkədə və regionda baş verən problemlərin həlli yolu region ölkələrinin əməkdaşlığı ilə əldə oluna bilər. Bu məqsədlə İran, Pakistan və Əfqanıstan xarici işlər nazirlərinin üçtərəfli müzakirəsi təşkil olunub.

Bir neçə ay öncə Tehranda üç ölkənin prezidentlərinin görüşü keçirilib. Ötən ay isə İsalamabadda üç ölkənin XİN rəhbərlərinin görüşü təşkil olunub. Bizim fikrimizcə, region ölkələri başqa ölkələrlə müqayisədə problemin həll olunmasına daha çox can yandırırlar. Bu səbəbdən ümid edirik ki, region ölkələrinin iştirakı və əlbəttə digər ölkələrin iştirakı mekanizmi ilə Əfqanıstan probleminin həllinə nail olunacaq. Nümunə üçün Yaponiyanı göstərmək olar. Yaponlar Əfqanıstan, İran və Pakistan üçtərəfli müzakirələrinə qoşulmaq istəyirdi, biz bunu alqışladıq və onlar da üçtərəfli müzakirələrə qoşuldu. Biz digər ölkələrin, yəni regionla hər hansı vasitə ilə əlaqəsi olan ölkələrin də üçtərəfli müzakirələrə qoşulmasında maraqlıyıq. Fikrimcə, Əfqanıstan probleminin həllində bu çox yaxşı təcrubə olacaq.

-         ABŞ Dövlət katibi İrana qarşı yeni sanksiyalar tətbiq etmək məqsədi ilə Çini sıxışdırmağın zəruriliyini bildirib. Sizin buna münasibətiniz necədir?

-         Bizim xarici işlər nazirimiz Xanım Kilintonun çıxışına cavab verib. Həqiqət bundan ibarətdir ki, gələcəkdə uğura nail olmaq üçün keçmişə nəzər salmaq lazımdır. Sanksiya qılıncı daha paslanmış bir qılıncdır və indiyədək İran rəsmilərinin iradəsinə heç bir təsir göstərməyib. 

Sanksiyalar 30 ildir ki, davam edir. Müxtəlif səbəblərdən və müxtəlif bəhanələrlə İran İslam İnqilabının qələbə qazandığı ilk gündən indiyədək biz sanksiya mühitində yaşayırıq. 

Biz gərək baxaq görək, bu sanksiyalar İrana təsir edibmi? Səbəbi budur ki, İran böyük ölkədir. İran öz ehtiyaclarının bir çoxunu öz daxili imkanları hesabına əldə edə bilir. Bizə, necə dözümlülük nümayiş etdirməyi öyrənməyə məhz bu sanksiyalar səbəb olub. Sanksiyalar bizim üçün vaksin rolunu oynayır. Vaksin özü zəif mikrobdur, lakin tədriclə bədənə daxil edildikdə bədəni gücləndirir. Yəni sanksiyalar təsir etməyib, bəlkə, əksinə, bizim möhkəmlənməyimizə səbəb olub. Fikrimizcə, bizim siyasətlərimiz aydın və əsaslı siyasətdir. Beynəlxalq qanunlar çərçivəsində İrana qarşı yeni sanksiyalar tətbiq etməyə ehtiyac yoxdur. Problemləri müzakirələr yolu ilə həll etmək olar.

Xəbər lenti

Xəbər lenti