...

“Airbus” dünya üzrə 6 min hava gəmisini geri çağırır

Dünya xəbərləri Materials 29 Noyabr 2025 00:12 (UTC +04:00)
“Airbus” dünya üzrə 6 min hava gəmisini geri çağırır

Bakı. Trend:

“Airbus” şirkəti A320 sinfinə daxil olan təyyarələrdə aşkarlanan proqram təminatı qüsuru ilə əlaqədar dünya üzrə 6 min hava gəmisini geri çağırır.

Trend “Spiegel” nəşrinə istinadla xəbər verir ki, mütəxəssislər güclü Günəş radiasiyasının uçuş idarəetməsi üçün vacib olan məlumatları zədələyə və bununla da təyyarənin stabil idarə olunmasına təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

“Airbus” bəyan edib ki, proqram təminatının yenilənməsi növbəti uçuşa qədər tamamlanmalıdır və bu proses bir sıra reyslərin ləğvinə və gecikmələrə səbəb ola bilər.

Vəziyyətlə əlaqədar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin yaxın günlərdə təcili uçuşyararlılıq direktivi yayacağı gözlənilir. “Reuters”in məlumatına görə, təyyarələrin bir hissəsində yalnız əvvəlki proqram versiyasına geri dönüş tələb olunsa da, yüzlərlə “A320”də avadanlığın tam dəyişdirilməsi mümkündür ki, bu da uçuşların bir neçə həftəlik dayanmasına gətirib çıxara bilər.

Qərara səbəb olan hadisə oktyabrda baş verib. “JetBlue” aviaşirkətinə məxsus təyyarə uçuş idarəetməsində yaranan nasazlıq və qəfil hündürlük itkisi səbəbindən ABŞ-ın Tampa şəhərində təcili eniş etməli olub. Hadisə zamanı bir neçə sərnişin xəstəxanaya yerləşdirilib. “Airbus” baş verənlərlə bağlı təəssüfünü ifadə edərək təhlükəsizliyin tam təmin edilməsinin şirkətin əsas prioriteti olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti