Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri bəyan edib ki, rəhbərlik etdiyi qurumun ikili standartlardan uzaq olmasına çalışacaq.
"Mən 7-8 ildir, Avropa Şurasında Türkiyənin təmsilçisi kimi çalışmışam və fəaliyyətim müddətində qurumun ikili standartlarının şahidi olmuşam. Sədrlik müddətimdə hamıya bəyan etmişəm ki, hər zaman AŞ-da ikili standartların əleyhinə olacağam. Çünki bizim ortaq dəyərlərimiz var - demokratiya və insan haqlarını müdafiə etmək. Elə buna görə də ikili standartlardan uzaq olmaq lazımdır, mən də bunun üçün əlimdən gələni əsirgəməyəcəyəm", - Trend-in məlumatına görə, bunu Bakıda AŞ PA sədri Mövlud Çavuşoğlu deyib.
AŞ PA sədrinin dünəndən Azərbaycana rəsmi səfəri başlayıb. Çavuşoğlu bu gün səhər Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Çavuşoğlu deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra önəmli nailiyyətlər qazanıb.
"Azərbaycan Avropa Şurasının Parlament Assambleyasına üzv olmaq üçün önəmli addımlar atıb. Azərbaycanın bir çox sahələrdə inkişafını görməkdəyik. Amma bu o demək deyil ki, Azərbaycan tam olaraq Avropa standartlarına tam çatıb. Çox istərdik, Azərbaycan tutduğu templə də davam eləsin. Hədəfimiz Azərbaycan kimi yeni demokratiyaya keçən ölkələrə dəstək olmaqdır", - Çavuşoğlu əlavə edib.
Azərbaycanın bu təşkilata üzv qəbul olunması məsələsinə 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələri səviyyəsində keçirilən iclasda baxılıb. Yanvarın 25-dən isə Azərbaycan AŞ-nin rəsmi üzvü olub. Quruma üzv seçilənə qədər çoxsaylı tələbləri yerinə yetirməsi Azərbaycanın Avropa ölkələri ailəsində təmsil olunmasını zəruri edirdi. Bu təcrübə ölkəmizin Avropa Şurasına üzvlüyünü rəsmən təsdiqlədikdən sonra, daha qabarıq hiss olunmağa başlayıb. Qarşılıqlı əməkdaşlıq Avropa dəyərlərinin Azərbaycana qarşılıqlı inteqrasiyasına da təkan verib.