Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Ü.Sadıxova/
Azərbaycan ərazilərinin işğalına son qoyulmalı, qaçqınların öz doğma torpaqlarına qayıtmasına şərait yaradılmalıdır. Bunu çərşənbə axşamı İSESCO-nun Baş katibi Abdül Əziz bin Osman əl- Tuveycri jurnalistlərə deyib.
"Dağlıq Qarabağdan olan qaçqınların öz doğma evlərinə qayıtmaq hüququ var", - əl-Tuveycri bazar ertəsi Bakıda açılan dini liderlərin ikigünlük sammitindən sonra deyib.
Əl-Tuveycri konfransın işini uğurlu adlandırıb.
Görüş iştirakçıları yekun sənədi imzalayıblar. Sənəddə əsas yer terrorizmin əsaslandırılması üçün dindən sui-istifadə olunması probleminə və qloballaşma məsələlərinə ayrılıb.
"Dünya dini liderlərinin görüşünün keçirilməsi dünyanın üzləşdiyi problemlərin həlli baxımından yaxşı ideyadır", - Baş katib hesab edir.
"Biz bütün məsuliyyəti siyasi liderlərin üzərinə qoya bilmərik, düzgün informasiya ilə təmin olunmaqda, düzgün qərarların qəbulu üçün doğru yolun göstərilməsində onlara yardım etməliyik", - əl-Tuveycri deyib. - "Bizim planetə sülh lazımdır, buna da yalnız ədalətlə nail olmaq olar".