Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərin edilməsi barədə təkliflə çıxış edib.
Qanun zamanın tələblərinə cavab vermir və Azərbaycanda parlament seçkilərindən sonra yaranmış yeni reallıqları nəzərə alaraq, ona yenidən baxmaq vacibdir. Trend-in məlumatına görə, bu barədə Bahar Muradova Parlamentin çərşənbə axşamı keçirilən iclasında qeyd edib.
"Bizim bunun üçün lazımi imkanlarımız var. Ötən dövr ərzində "Siyasi partiyalar haqqında" qanuna düzəlişlərin edilməsi barədə kifayət qədər təkliflər olub. Bu təkliflər əsasında yeni ciddi qanun layihəsi hazırlamaq olar", - Muradova deyib.
Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. Hazırda gündəlikdə ona düzəliş və əlavələrin edilməsi məsələsi durur. Müvafiq təklif dəfələrlə irəli sürülüb, eləcə də partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi barədə məsələ qaldırılıb.