...

Prezident İlham Əliyev Sumqayıtda Azgüntex zavodunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 24 Aprel 2012 15:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş Azgüntex zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev Sumqayıtda Azgüntex zavodunun açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş Azgüntex zavodunun açılışında iştirak edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov Prezident İlham Əliyevə məlumat verdi ki, Azgüntex zavodunda iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcək. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan Günəş modulları xətti istifadəyə tam hazırdır.

Dövlətimizin başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsdi və müəssisənin altımərtəbəli inzibati binası ilə tanış oldu.

Bildirildi ki, inzibati bina bütün lazımi avadanlıq və inventarlarla təchiz olunub. Burada işçilərin səmərəli fəaliyyəti üçün hər cür imkan var. Zavod tam kompüterləşdirilib, "Wi-Fi" şəbəkəsi yaradılıb. İşçilərin istirahəti üçün ayrıca sağlamlıq zalı da fəaliyyət göstərir.

Prezident İlham Əliyev inzibati binada ölkəmizdə alternativ və bərpa olunan enerji siyasətindən bəhs edən filmi izlədi.

Dövlətimizin başçısı binanın foyesində Azgüntex zavodunda hazırlanan günəş panellərinin nümunələrinə baxdı. Bildirildi ki, müəssisədə hər birinin gücü 42 vattdan 250 vatta qədər olan və 60 fotoelementlə təchiz edilən bu panellər beynəlxalq standartlar səviyyəsində hazırlanacaq və sabit enerji verəcək. Yaşayış binalarının, küçələrin, meydanların, müxtəlif iaşə və sosial obyektlərin daha səmərəli işıqlandırılması və enerji təminatının yaxşılaşdırılması üçün zavodda LED yüksək texnologiyalı lampaların istehsalı da nəzərdə tutulub.

Prezident İlham Əliyevə "min ev - min elektrostansiya" layihəsi barədə də məlumat verildi. Qeyd olundu ki, əsasən yaşayış binaları üçün nəzərdə tutulan bu layihə hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən, ekoloji cəhətdən təmiz və təhlükəsiz kiçik elektrik stansiyası ilə təchizinə yönəlib. Bu elektrostansiyalardakı günəş panelləri vasitəsilə əldə olunan sabit enerji dəyişən enerjiyə çevrilərək istehlakçıların istifadəsinə veriləcək. Artıq qalan enerji şəbəkəyə ötürüləcək, gecə saatlarında isə şəbəkədən alınacaq. İlk mərhələdə yığcam şəkildə salınan qəsəbələr üçün nəzərdə tutulan bu layihənin gələcəkdə daha da genişləndirilməsi imkanları böyükdür. Körpülərin, ticarət obyektlərinin üzərində də günəş panellərinin qurulması, enerjidoldurma məntəqələrinin inşası da mühüm əhəmiyyət kəsb edən layihələrdəndir.

Dövlətimizin başçısı inzibati binadan Sumqayıt Yüksək Texnologiyalar Parkının yaradılacağı ərazini seyr etdi.

Sonra Prezident İlham Əliyev zavodun Günəş modulları istehsalı xətti ilə tanış oldu. Bildirildi ki, hazırda müəssisədə bir növbədə 33 nəfər işləyir. Üçnövbəli iş rejiminə keçdikdən sonra işçilərin sayı 130 nəfərə çatdırılacaq. Alternativ və bərpa olunan enerji sahəsində dünyanın məşhur şirkətlərinin istehsal etdikləri ən müasir texnologiyalarla təmin olunan zavodda ekoloji normalara ciddi əməl edilir. Burada işçilərin sağlam və təhlükəsiz fəaliyyəti üçün yüksək şərait yaradılıb.

Azərbaycan Prezidenti zavodu işə saldı və istehsal prosesini izlədi.

Diqqətə çatdırıldı ki, Günəş panellərinin istehsal olunduğu texnoloji xətdə proses tam şəkildə avtomatlaşdırılıb. Zavodda ilkin mərhələdə il ərzində 120 min, gələcəkdə isə 240 min Günəş paneli istehsal olunacaq. Hazırda avadanlığın quraşdırıldığı LED lampaları istehsalı sahəsi istismara verildikdən sonra burada ildə 36 milyon LED çipi və 12 milyon LED lampası hazırlanacaq.

Sonra Prezident İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkının layihəsi ilə tanış oldu.

Məlumat verildi ki, ümumilikdə parkın ərazisində alternativ və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyasına əsaslanan 15 zavodun inşası planlaşdırılır. Parkın ərazisində yaradılacaq optik linzalar, şüşə və bazalt liflər, akkumulyator istehsalı və digər zavodlar alternativ enerjinin əldə edilməsində və istifadəsində lazım olan avadanlığın ölkəmizdə istehsalına şərait yaradacaq. Bu, həm tələb olunan avadanlığın daha ucuz başa gəlməsinə, həm də onların tətbiqinin xeyli asanlaşmasına imkan verəcək. Alternativ enerjinin tətbiqi zamanı istifadə olunan əsas materiallardan biri də LED lampalarıdır. Hazırda sürətlə yayılan və yeni nəsil işıqlandırma sistemi hesab olunan LED lampaları enerjiyə qənaəti və uzun müddət istifadəyə yararlılığı ilə seçilir. Bu məqsədlə parkın ərazisində lampa zavodunun inşası da nəzərdə tutulur.

Dövlətimizin başçısına Sumqayıt məişət tullantıları emalı zavodunun layihəsi barədə də məlumat verildi. Bildirildi ki, zavodun illik emal gücü 146 min ton olacaq.

Prezident İlham Əliyev Azgüntex zavodunun kollektivinə uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti