...

Trend Azərbaycanın dünya və regiondakı roluna həsr olunmuş "dəyirmi masa" təşkil edib (FOTO)

Siyasət Materials 25 Fevral 2013 20:05 (UTC +04:00)
Trend İnformasiya Agentliyi Azərbaycanın dünyada rolu və region problemlərə həsr olunmuş "dəyirmi masa" təşkil edib.
Trend Azərbaycanın dünya və regiondakı roluna həsr olunmuş "dəyirmi masa" təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Trend İnformasiya Agentliyi Azərbaycanın dünyada rolu və region problemlərə həsr olunmuş "dəyirmi masa" təşkil edib.

Tədbirdə Milli Məclisin deputatları Asim Mollazadə və Rasim Musabəyov, Böyük Britaniyanın "Project Associates" Mərkəzinin əməkdaşları Conatan Horsman və Ceymi MakKonki, Britaniyanın tanınmış KİV nümatəndələri, eləcə də Trend-in və "Azernews" qəzetinin ekspertləri iştirak ediblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Musabəyov qeyd edib ki, onun proqnozu nikbin deyil, tərəflər arasında danışıqlar getmir, çünki tərəflər danışıqların istiqamətləri barədə belə razılığa gələ bilmirlər.

"Hərbi ritorika kəskinləşir, cəbhə xəttində vəziyyət pisləşir ki, bu da Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi məsələsində nikbinliyi artırmır", - Musabəyov deyib.

Millət vəkilinin sözlərinə görə, Moskva fəal mediator olmağı dayandırıb və Minsk qrupunun ikinci həmsədri ABŞ tərəfindən də danışıqlara fəal təsir hiss edilmir.

Musabəyovun sözlərinə görə, vəziyyət Azərbaycanın Yerevanın daimi təxribatlarına reaksiya verməsinə görə pisləşə bilər. Xüsusilə, Ermənistanın Xocalıda aeroport açmaq və Çikaqo Konvensiyasınım müddəalarına baxmayaraq, Azərbaycan ərazisi üzərindən qanunsuz uçuşlara başlamaq planları səbəbindən.

Mollazadənin sözlərinə görə, Ermənistanın Xocalıda aeroport açmaqla bağlı fəaliyyəti ildönümü fevralın 26-da qeyd edilən və müasir tarixin ən qəddar hadisələrindən biri olan Xocalı soyqırımı fonunda daha da təxribat xarakteri daşıyır.

"Ermənistan hərbi birləşmələri 1992-ci ildə Xocalı şəhərinin əhalisinə qarşı qəddarlığına görə qorxunc soyqırım aktı törədib. Dinc sakinlərə qarşı törədilən qanlı qətliam nəticəsində 613 nəfər öldürülüb, 487 dinc sakin aldıqları güllə yaraları nəticəsində əlil olub", - Mollazadə bildirib.

Onun sözlərinə görə, son illər Bakının diplomatik uğurları sayəsində Xocalı soyqırımı faktını tanıyan ölkələr, o cümlədən Avropa ölkələrinin sayı artır.

Onun sözlərinə görə, hərbi ssenari Ermənistan tərəfindən deyil, bu ölkəni təxribatçı addımlara təhrik edən Moskva tərəfindən işə salına bilər.

Mollazadə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi ssenarisini gözləmir. Bununla belə, o razılaşıb ki, Moskvanın Dağlıq Qarabağ münaqişəsinin gedişatına təsir imkanları var.

Mollazadənin sözlərinə görə, keçmiş Sovet məkanındakı münaqişələrin coğrafiyası Rusiyanın Osetiya, Abxaziya və Dnestryanıdakı hərbi bazalarının coğrafiyası ilə üst-üstə düşür. O bildirib ki, keçmiş Sovet məkanındakı münaqişələrin çoxunun arxasında Moskva dayanır.

"Moskvanın siyasətində ciddi dəyişiklik olmadan hazırda Dağlıq Qarabağ münaqişəsini nizamlamaq şansının olmadığı bizə aydındır", - Mollazadə vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, bununla belə, Bakı üçün Rusiya ilə münasibət prioritet olaraq qalır, çünki ölkələri mədəni və iqtisadi əlaqələr birləşdirir.

"Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır və ruslar hökumətdə müxtəlif vəzifələrdə çalışırlar, parlament üzvləridir", - Mollazadə qeyd edib.

Azərbaycanın regionda roluna toxunan Mollazadə enerji daşıyıcılarının tədarükçüsü kimi Azərbaycanın artan rolunu, həmçinin Şərq və Qərb arasında körpüyə çevriləcək Avropa, Cənubi Qafqaz, Qazaxıstan və Çini birləşdirən yeni dəmiryol xəttinin vacibliyini qeyd edib.

"Rusiyanın regionda dominantlıq etməklə bağlı iddiaları xəyaldır. Biz Rusiyaya qarşı deyilik, lakin onu sahib deyil, tərəfdaş kimi görmək istəyirik", - Musabəyov deyib.

Gürcüstanda vəziyyətə toxunan Mollazadə deyib ki, NATO-ya inteqrasiya Gürcüstan hökuməti üçün prioritet olaraq qalır. Bununla belə, Rusiya Abxaziya və Cənubi Osetiya məsələlərində güzəştə getməyə hazır deyil, lakin ölkələr arasında ticarət münasibətlərinin qurulması yaxşı haldır.

Musabəyovun fikrincə, gələcəkdə Rusiya Cənubi Qafqazı tədricən tərk edəcək.

Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Seymur Əliyev Azərbaycanın enerji sektorundakı vəziyyət, ölkənin həyata keçirdiyi enerji layihələri, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu barədə danışıb.

Onun sözlərinə görə, hazırda Azərbaycan özünü enerji resursları ilə tam təmin edir, həmçinin qonşu ölkələrə tədarük edir. Bundan əlavə, Azərbaycanın Avropaya qaz tədarükünü təmin etmək üçün kifayət qədər resursu var.

Əliyevin sözlərinə görə, yaxın zamanlarda Azərbaycan qazının Avropaya tədarükü üzrə layihələrdən biri - "Transadriatik" boru kəməri - TAP və ya "Nabucco West" həyata keçiriləcək.

"Nəql ilə bağlı daha sərfəli şərt və tariflər təklif edəcək layihə seçiləcək", - o deyib.

Əliyev, həmçinin Azərbaycanın öz ərazisində, eləcə də Türkiyə və Gürcüstanda yaratdığı marşrutlar üzrə gələcəkdə Avropaya Şərqi Xəzər enerji resurslarının nəql ediləcəyini istisna etməyib.

Musabəyovun sözlərinə görə, "Nabucco" daha planlaşdırıldığı formada deyil.

"Bakıdan Türkiyənin Avropa sərhədinədək boru kəmərləri artıq sərbəst şəkildə çəkilir. "Nabucco West" layihəsi var. Lakin bu, artıq tam Avropa layihəsidir. Onlar onu tikməli, maliyyələşdirməli və nəql üçün məqbul şərt, tariflər təklif etməlidirlər. Və "Transxəzər" adlı qaz kəməri də var. Bu qaz kəməri, ilk növbədə, Türkmənistan və Qazaxıstan daxil olmaqla, Mərkəzi Asiyanın qaz resurslarının Azərbaycan vasitəsilə, Azərbaycan tərəfindən yaradılmış boru kəməri sistemi ilə tədarükünü təmin edə bilər. Lakin "Transxəzər" layihəsi də Avropa istehlakçılarının işidir", - o deyib.

Musabəyovun szölərinə görə, məhz Avropa İttifaqı Rusiya və Türkmənistanla bu məsələ ilə bağlı razılığa gəlməlidir. Azərbaycan zəruri infrastrukturu hazırlayıb və tranzit ölkəsi olmağa hazırdır. Türkmənistan qazının əlavə həcmləri olacaq, Azərbaycan ən qısa müddətdə - bir il ərzində bu boru kəmərini çəkməyə hazırdır.

"Azərbaycanın boru kəmərləri hazırda söhbət gedən 30 milyard kubmetrədək Türkmənistan qazını nəql edə bilər", - Musabəyov qeyd edib.

Mollazadənin fikrincə, Azərbaycan bu layihələrdə tək deyil, Qərb tərəfdaşları, xüsusilə, indi TANAP ("Transanadolu" qaz kəməri) layihəsinin iştirakçısı olan BP, "Statoil", həmçinin ABŞ və Türkiyə şirkətləri ilə birgədir.

"TANAP layihəsi üzrə beynəlxalq konsorsium çalışır. Bildiyim qədərilə, bu yaxınlarda TAP layihəsi üzrə ilkin razılıq əldə olunub. "Nabucco" və TAP arasında rəqabət mövcuddur, amma bu rəqabətdə İtaliya və İsveçrə şirkətləri fəal iştirak edirlər. Azərbaycan qazı atom enerjisinin istifadəsindən imtina edən bu ölkələrin enerji layihələrinin həyata keçirilməsinə kömək edəcək. Bu vəziyyətdə Azərbaycanın etibarlı tərəfdaşları, ilk növbədə, "Şahdəniz" qaz yatağının işlənməsi layihəsində bizimlə birlikdə çalışan BP kimi tərəfdaşı mövcuddur. Bir sıra digər layihələrdə Azərbaycanın böyük qaz potensialı var. Düşünürəm ki, əməkdaşlığımız davam edəcək", - Mollazadə bildirib.

İranla bağlı vəziyyətə toxunan azərbaycanlı ekspertlər İran ətrafında vəziyyətin gərginləşəcəyi halda və ölkəyə qarşı hərbi əməliyyatlar olacağı təqdirdə, resurs və motivasiyanın yoxluğu baxımından Azərbaycanın müdaxilə etməyəcəyinə dair yekdil fikirdə olublar.

Musabəyovun sözlərinə görə, Bakının əsas məqsədi ölkə üçün təhlükəni minimuma endirməkdir.

İrandın daxilindəki vəziyyətlə bağlı Qərb jurnalistlərinin suallarını Trend-in İran xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu cavablandırıb. O qeyd edib ki, İrana qarşı sanksiyalar təkcə hökumətə deyil, həmçinin sıravi vətəndaşlara təsir edir.

"Son bir il ərzində İran neftinin ixracı ikiqat azalıb, neft istehsalı 40 faiz azalıb, milli valyutanın məzənnəsi iki dəfə aşağı düşüb, rəsmi statistikaya əsasən, inflyasiya 32 faiz təşkil edir. Dərman vasitələrinə xərclər iki dəfə artıb, bəzi dərmanları tapmaq mümkün deyil. Qərbin benzin ixracatı üzrə İrana qoyduğu embarqo səbəbindən təhlükəli maddələrdən istehsal edilən benzin ölkədə havanı kəskin çirkləndirir və əhalinin sağlamlığı üçün təhlükə törədir. Belə misallar çoxdur, lakin İran qəti şəkildə nüvə proqramını davam etdirməyə köklənib", - o deyib.

Xatınoğlu bildirib ki, İran hökumətinin sanksiyalardan uduzmasının miqyası nə qədər böyük olacaqsa, nüvə proqramından geri çəkilmək və güzəştə getmək ehtimalı da bir o qədər az olacaq.

Onun sözlərinə görə, İran hökuməti üçün prioritet olan öz təhlükəsizliyidir və bu baxımdan yalnız İran və Qərb arasında müzakirələr nəticə verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti