Azərbaycan, Bakı, 21 may /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.
Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, o cümlədən Əfqanıstanın mədəniyyət və informasiya naziri Səyid Makdum Rahin, Banqladeşin mülki aviasiya və turizm naziri Məhəmməd Faruk Xan, Burundinin gənclər, idman və mədəniyyət naziri Adolf Rukenkanya, Litvanın mədəniyyət naziri Sarunas Birutis, Montenegronun mədəniyyət naziri Branislav Mikunoviç, elm naziri Sanja Vlahoviç, ekspertlər, "beyin mərkəzləri"nin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamla Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.