...

Əli Əhmədov dini radikalizmin təsirindən danışdı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Dekabr 2014 12:26 (UTC +04:00)
“Bu gün yaşadığımız regionun ətrafında baş verən hadisələr fonunda radikalizm deyilən bir anlayış özünü açıq şəkildə göstərir və çox təəssüf ki, bu, İslam dini radikalizmi formasında bəşəriyyətə təqdim edilir”.
Əli Əhmədov dini radikalizmin təsirindən danışdı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

"Bu gün yaşadığımız regionun ətrafında baş verən hadisələr fonunda radikalizm deyilən bir anlayış özünü açıq şəkildə göstərir və çox təəssüf ki, bu, İslam dini radikalizmi formasında bəşəriyyətə təqdim edilir". Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə milli mənəvi dəyərlərin qorunması mövzusunda keçirilən tədbirdə deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın yaşlı vətəndaşları radikalizmin nə olduğunu, onun sülh və sabitlik üçün nə qədər təhlükəli olduğunu yaxşı bilirlər: "Azərbaycanda dini radikalizm olmayıb, amma siyasi radikalizm Azərbaycana böyük ziyanlar gətirib. Bunu yaşlı nəsil daha yaxşı bilir. Radikalizm vətəndaş dialoqunu və cəmiyyətin normal inkişafını pozur. Azərbaycan cəmiyyəti bunun ölkəmizə hansı zərbələr vurduğunu yaxşı dərk edir".

Baş nazirin müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlməsi siyasi radikalizmə son qoyulmasına səbəb oldu və Azərbaycanın sabit inkişafının əsası qoyuldu.

Ə.Əhmədov hesab edir ki, bir sıra müsəlman və şərq ölkələrində dini radikalizmin meydana gəlməsinin əsas səbəblərindən biri dinin ictimai-siyasi tənzimləyici rolunu oynamağa çalışmasıdır: "Azərbaycan cəmiyyəti üçün xas olmayan bu halların ölkə cəmiyyətinə gəlmək ehtimalı olmasa da, bu, bizi həmişə ayıq-sayıq olmağa, hər şeyi diqqətdə saxlamağa vadar edir".

YAP-ın icra katibi bildirib ki, din milli-mənəvi dəyərlərin nüvəsini təşkil edir: "Məsələn, 150-200 il əvvələ qayıtsaq, ovaxtkı azərbaycanlılar özlərini daha çox müsəlman kimi hiss edirdilər, nəinki sırf azərbaycanlı kimi. İndinin özündə də elə İslam dininə məxsus cəmiyyətlər var ki, insanlar özlərini daha çox müsəlman kimi təqdim edirlər. Amma bununla belə elə cəmiyyətlər, xalqlar var ki, onlar özlərini artıq dinlə identifikasiya etmirlər. Məsələn, yaponlar, almanlar buna misaldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti