...

Xankəndiyə bayrağımız və qanunlarımız qayıdır

Siyasət Analytics 24 Aprel 2023 14:20 (UTC +04:00)
Xankəndiyə bayrağımız və qanunlarımız qayıdır
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Həkəri çayının üzərində, Ermənistanla şərti dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin inşası bölgədə yeni reallıqların əsasını qoydu. Azərbaycan hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərinə Konstitusiyanı və qanunları qaytarmağa doğru önəmli addım atdı.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patelin olayla bağlı yayılmış bəyanatında deyilir:

"Birləşmiş Ştatlar Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının "sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından" dərin narahatdır. Biz bir daha bildiririk ki, Laçın dəhlizində insanların və ticarətin sərbəst və açıq hərəkəti olmalıdır və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq".

Fransanın XİN-i də dərhal bəyanatla çıxış edib: "Fransa Azərbaycanın Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi yaratmasından təəssüflənir. Fransa Laçın dəhlizi boyunca "sərbəst hərəkəti" təmin etməyə çağırır.”

Ermənistana gəldikdə isə, parlamentin spikeri Alen Simonyan deyib: "Biz Rusiyanı Azərbaycan silahlı qüvvələrinin Laçın dəhlizinin bütün təhlükəsizlik zonasından çıxarılmasını təmin etməklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq, həmçinin beynəlxalq təhlükəsizliyi qorumaq mandatı olan BMT-yə üzv dövlətləri bu qərarın icrası üçün təsirli addımlar atmağa çağırırıq.”

Hər şey gözlənilən məcradadır və prinsip etibarilə, yeni heç nə yoxdur. Sanki proses Qərbin Ermənistana diqtə etdiyi ssenari üzrə cərəyan edir.

ABŞ Dövlət Departamentinin yaydığı, sonra da Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin sözbəsöz təkrarladığı bəyanat siyasi sürpriz və ya mediativ paradoks deyil.

İndi bir anlıq təsəvvür edin ki, belə bəyanatla çıxış edirik: "Biz də bəyan edirik ki, ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərindəki sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin ABŞ və Meksika arasındakı anlaşmanın normallaşmasına yönəlmiş səyləri sarsıtmasından dərin narahatıq. Biz bir daha bildiririk ki, Meksika və ABŞ arasında insanlarla ticarətin sərbəst və açıq hərəkəti olmalıdır. ABŞ sərhədçilərini passport yoxlanışlarını, habelə odlu silah, narkotik maddələr, müxtəlif ağır infeksion xəstəliklər və s.-nin mövcudluğunun aşkarlanmasına yönəlmiş axtarış-baxış fəaliyyətinə son qoymağa, habelə Meksika və ABŞ arasındakı dövlət sərhədinin bütün perimetri boyunca təxribatlarla düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq.

Biz habelə, 1846-cı il hadisələrinin yenidən təkrarlanması, ABŞ ilə Meksika arasında yeni hərbi əməliyyatların başlanması ehtimalının mümkünlüyündən narahatıq".

Fransaya gəldikdə isə...

Fransanın yaratdığı " Communauté financière d’Afrique ("Afrikanın Maliyyə Cəmiyyəti") və ya "Communauté Financière Africaine" ("Afrika Maliyyə Cəmiyyəti") vasitəsilə rəsmi Parisin Afrikada bir sıra ölkələri istismar etməsindən narahatıq.

Fransanın Afrika ölkələrinə zorla tətbiq etdirdiyi "CFA frankı" adlı efemer "valyuta"nın kağız üzərində tədavüldə olması nəticəsində 13 Afrika ölkəsi valyuta ehtiyatlarının orta hesabla 53 faizini Parisdə saxlamalıdır ki, bu da 562 milyard dollar deməkdir.

Yerdə qalan qızıl-valyuta ehtiyatlarının 20 faizi Fransa hökumətinin borc öhdəliklərinə yatırılıb. Yəni 13 Afrika ölkəsi Fransanın siyasəti nəticəsində qızıl-valyuta ehtiyatlarının sadəcə, 30 faizindən istifadə edə bilir.

Həmin Afrika ölkələrinin maliyyə resurslarına tələbatı yarananda isə Parpis onlara stabil faiz (subfaiz) stavkası ilə öz maliyyə ehtiyatlarından "kredit"lər verir. Amma bir şərtlə: həmin pullar mütləq Fransa istehsalı olan mallara və ya xidmətlərə sərf olunmalıdır.

Avronu qorumaq istəyəndə Fransa CFA frankını qəflətən və bilərəkdən devalvasiya edir ki, bunun nəticəsində həmin 13 Afrika ölkəsində hökumətlər büdcə xərclərini azaltmaq, maaşları dondurmaq və kütləvi ixtisarlara əl ataraq işsizlik səviyyəsini artırmaq məcburiyyətində qalır.

Afrika ölkələri Fransanın tələsindən qurtulmaq istəyəndə isə sui-qəsdlər, hərbi müdaxilə və s. işə düşür.

Toqo prezidenti Silvan Olimpi məhz Parisin diqtəsinə etiraz etdiyi üçün qətlə yetirilmişdi.

Rəsmi Parisin yadına salaq ki, "Banque de France"nin prezidenti demişdi: "Afrika ölkələrini istismar etməsək Fransa üçüncü dərəcəli dövlətə çevriləcək".

Fransanın "Areva" və EDF (Electricité de France) enerji nəhənglərinə məxsus 59 atom-elektrik stansiyalarının məhz Nigerdəki iki uran şaxtasının vəhşicəsinə istismarından asılı olduğunu da xatırladaq.

Fransanın Afrikada həyata keçirdiyi "Serval" və "Barxan" adlı iki genişmiqyaslı xüsusi əməliyyatlar nəticəsində 4 ölkədə dövlət çevrilişi, 3 ölkədə isə silahlı qiyamlar gerçəkləşdirilib.

Fransanın MNLA, AKİM, "Niger Azadlıq Ordusu" və ya "Sahel Azadlıq Təşkilatı" kimi terror təşkilatlarını tam dəstəklədiyini də Fransa XİN-nin nəzərinə çatdırır, bundan narahat olduğumuzu bildiririk.

Təbii ki, Azərbaycan belə bəyanatlarloa çıxış etməyəcək, çünki beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suverenliyi kimi məqamların ölkələrarası münasibətlərdə primat məqam olduğunu bilirik.

İstənilən dövlətin öz sərhədləri daxilində nəzarət-buraxılış, yoxlama və ya baxış məntəqələri, yaxud postları yaratması onun aksiomatik, suveren və danılmaz hüququdur.

Azərbaycanın atdığı addım da məhz beynəlxalq hüquq baxımından aprior olaraq mübahisəsizdir.

ABŞ və Fransa, habelə Avropa İttifaqının bəlli ölkələri narahat olduqlarını, təəssüfləndiklərini vurğulayırlar, bəzi ölkələr və beynəlxalq təşkilatlarsa aşkar narazılıqlarını izhar edirlər.

Ermənistanla Fransanın mövqeləri tam eynidir: İrəvanla Paris Həkəri çayının sahilindəki nəzarət-buraxılış məntəqəmizin dərhal ləğv edilməsini, Dövlət Sərhəd Xidmətinin hərbçilərinin "Laçın dəhlizindən təcili çıxarılmasını" tələb edirlər.

Ermənilərlə onların havadarlarının təlaşı anlaşılandır, çünki nəzarət-buraxılış məntəqəsi (NBM) inşa edildiyi körpü Qərbi Zəngəzurdan Xankəndiyə yeganə yolun üzərindədir. Həmin yolun isə ümumiyyətlə, alternativi yoxdur.

Qərbi Zəngəzura yeganə mümkün keçid də bu körpüdür və ən əsası, yeni inşa edilmiş sərhəd nəzarət -buraxılış məntəqəsi Zəngəzur dəhlizi layihəsinin reallaşmasını da sürətləndirəcək.

Hadisələrin bundan sonrakı inkişaf məcrasını isə təxmin etmək çətin deyil.

Rusiya Federasiyası həmişə olduğu kimi, tərəfləri "üçtərəfli bəyanatın şərtlərinə tam əmin etməyə və sülhə nail olmaq üçün danışıqlar prosesini davam etdirməyə" çağıracaq. Xankəndindəki təlxək Ruben Vardanyan əvvəlcə videomüraciət yayacaq, sonra kiçik mitinq təşkil edərək "erməni xalqının tarixindəki bu önəmli və taleyüklü günlərdə bütün erməniləri birləşməyə" çağıracaq.

Xankəndindəki xuntanın "XİN başçısı", marionet David Babayan uzun-uzadı müraciət yayaraq "qarabağlı ermənilər ağır zərbələr və yaralar alsalar da, mübarizə əzmini itirməyiblər" deyəcək.

Xuntanın rəhbəri Araik Arutyunyan daha bir "fövqəladə toplantı" keçirərək müraciət qəbul edəcək, "Rusiya gərəkli addımlar atmalıdır - atmasa, nə edəcəyimizi bilirik və bu barədə düşünəcəyik" tipli idiotik çıxış edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan yenə parlamentdə çıxış edəcək və deyəcək ki, Qarabağın Azərbaycan ərazisi olduğunu ondan əvvəlki hakimiyyət Madrid prinsipləri ilə razılaşaraq etiraf edib. Daha sonra parlamentdə ara qarışacaq, sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın tərəfdarları olan deputatlar Paşinyanın komandasındakı deputatları suçlayacaqlar, təhqir edəcəklər, dava düşəcək.

Sosial şəbəkələrdə və xüsusilə Telegram kanallarında Rusiyanın maliyyələşdirdiyi "bloqer"lərlə Qərbə meylli və Paşinyan komandasının nəzarətindəki "analitik"lər arasında qarşılıqlı ittihamlar, "Ermənistanı satldılar!" tipli suçlamalar mübadiləsi olacaq.

Əvvəl İrəvanda, sonra Xankəndində bayrağımız yandırılacaq, qarabağlı ermənilər "məşəqqətli blokadada necə əziyyət çəkdiklərini" əks etdirən fotolar və videolar paylaşacaqlar.

Azərbaycan isə ərazilərinin separatçılardan, terrorçulardan və diversantlardan tam təmizlənməsi istiqamətində görülən işləri davam etdirəcək.

Addım-addım, tələsmədən, soyuqqanlıqla.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti