...

Novruz bayramının bütöv Azərbaycan ərazisində keçirilməsi qürurvericidir - Afət Həsənova

Siyasət Materials 19 Mart 2024 11:11 (UTC +04:00)
Novruz bayramının bütöv Azərbaycan ərazisində keçirilməsi qürurvericidir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu günlərdə xalqımız Novruz bayramını qeyd edir. Bu bayram Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

“28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını böyük təntənə, sevinclə qeyd edib.

“Novruz bayramı təbiətin oyanması və yeniləşməsinin rəmzidir. Azərbaycan xalqı Novruz bayramını dörd həftə əvvəldən, yəni hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi olmaqla qeyd edir.

Novruz bayramı qədim adət-ənənələrlə, oyunlarla zəngindir. ““Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Novruz bayramı, eyni zamanda, sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar”, - deyə o qeyd edib.

A.Həsənova vurğulayıb ki, çox sevindirici haldır ki, Azərbaycan xalqı artıq 4-cü ildir ki, Novruz bayramını qalib xalq kimi keçirir və bu da xalqımızın sevincinə sevinc qatır.

“30 il ərzində Azərbaycanın gözəl diyarları erməni işğalı altında olduğundan xalqımızın ürəyində bir nisgil var idi. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu nisgilə son qoydu, torpaqlarımız erməni işğalından azad edildi. Ulu Öndər Heydər Əliyev hər zaman o ərazilərdə də Novruz bayramının keçiriləcəyini vurğulayırdı.

Ümummilli liderimiz “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd edirdi. Artıq bu fikirlər reallığa şevrilir, o gözəl torpaqlarda da Novruz bayramı təntənə ilə qeyd edilir”, - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti