...

31 Mart Soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir - Deputat

Siyasət Materials 31 Mart 2025 10:55 (UTC +04:00)
31 Mart Soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, Azərbaycan tarixinin ən faciəli günlərindən biridir. 1918-ci ilin mart-aprel aylarında bolşeviklərin və erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi qırğınlar nəticəsində minlərlə günahsız insan həyatını itirdi. Bu hadisələr Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində ermənilər tərəfindən insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan qırğınlara və terrora, soyqırımlarına, etnik təmizləməyə məruz qalıb.

“1918-ci ildə Cənubi Qafqazda siyasi vəziyyət gərgin idi. Bolşeviklər hakimiyyəti ələ keçirərək, Bakı Sovetini formalaşdırmışdılar. Ermənilər isə bu fürsətdən istifadə edərək, azərbaycanlılara qarşı kütləvi qətliamlar törətdilər. Martın 30-dan aprelin 3-dək Bakıda və digər bölgələrdə həyata keçirilən bu qırğınlar nəticəsində on minlərlə azərbaycanlı öldürüldü, evlər və tarixi abidələr dağıdıldı.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib. Elə bu soyqırımının amansızlığını xarakterizə edən cəhətlərdən biri də ondan ibarətdir ki, daşnak terrorçuları uşaqlara, qadınlara, qocalara qarşı amansızlıq törətmişdilər.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılıb. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, o zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar 15 mindən çoх günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.

“Həmçinin, Komissiyanın materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı həyata keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilib. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv edib”, - deyə deputat bildirib.

Deputat bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb:

“1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev 2009-cu ildə Qubada törədilmiş soyqırımı faktı olan kütləvi məzarlıq üzərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verib və 2013-cü ildə sentyabrın 18-də həmin kompleks açılıb. Bu tədbirlərin görülməsi erməni faşizminin ifşası və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün böyük əhəmiyyətə malik olan təşəbbüslərdir".
A.Həsənova əlavə edib ki, bu faciənin beynəlxalq səviyyədə tam şəkildə tanınması üçün hələ də geniş miqyaslı işlər görülməkdədir. “Azərbaycan hökuməti və diaspor təşkilatları bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması üçün fəal fəaliyyət göstərirlər. 31 Mart Soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Bu faciə bizə milli birliyimizin və müstəqilliyimizin nə qədər dəyərli olduğunu bir daha xatırladır. Tarixi ədalətin bərpa olunması və gələcək nəsillərin bu hadisələri unutmaması üçün maarifləndirmə və beynəlxalq səviyyədə tanınma işləri davam etdirilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti