Bakı. Trend:
Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə regionda yeni reallıq yaradıb və bu gün regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olaması üçün üzərinə düşən bütün işləri yerinə yetirir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Ermənistan 30 il ərzində torpaqlarımzı işğal altında saxladığı müddətdə ərazilərimizdə vandalizim aktı törədib, bütün infrastrukturu, mədəniyyət abdiələrini dağıdıb, ekologiyaya ciddi ziyan vurub:
“Lakin bununla belə Azərbaycan qalib tərəf olaraq humanistlik nümayiş etdirdi və Ermənistanla sülh müqaviləsi imzalamağı təşəbbüsünü irəli sürdü. Azərbaycan sülhə və əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib, lakin bu, qarşı tərəfin real addımlar atmasından asılıdır. Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir daha bu məsələyə toxundu və bildirdi ki, müharibədən sonrakı vəziyyətin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır.
“Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”, - deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq. Prezident İlham Əliyevin bu fikirləri Ermənistana və onun havadarlarına daha bir mesajdır. Hesab edirəm ki, Ermənistan tərəfi cənab Prezidentin bu fikirlərindən nəticə çıxararaq revanşist iddialardan əl çəkməli və regionda sülhün bərqərar olması istiqamətində əməli addımlar atmalıdır”.
Deputat vurğulayıb ki, bu gün sülh Azərbaycandan daha çox Ermənistana vacibdir:
“Çünki Ermənistanın hazırki çətin durumdan çıxması yalnız Azərbaycanla sülh sazişi imzalamaqdan keçir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərini davam etdirir, ordunun gücləndirilməsi istiqamətində zəruri addımları atır. Ermənistanın bu gün düşdüyü dərin sosial-iqtisadi böhranın səbəbi də məhz elə onun işğalçılıq siyasəti olub. Bu gün Azərbaycan Ermənistana yeni imkanlar açır, lakin görünür Ermənistan hələ də öz xislətindən, revanşist iddialarından qurtula bilmir. Lakin Ermənistan anlamalıdır ki, zaman onun əleyhinə işləyir”.