Bakı. Trend:
Bu gün Azərbaycan ilə Vyetnam arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir və iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq qurulub.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulub:
“Hər iki ölkə tarixən fərqli coğrafi məkanlarda yerləşsə də, ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri qurmağa nail olublar. Bu əlaqələr xüsusilə enerji, təhsil, ticarət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sahələrində inkişaf etdirilir”.
Deputat bildirib ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.
“Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Belə ki, sovet dövründə formalaşan bu əlaqələr müstəqillikdən sonra diplomatik formatda davam etdirilib. 1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə əlaqələr rəsmi xarakter aldı və iki ölkə arasında hökumətlərarası səviyyədə əməkdaşlıq mexanizmləri işə düşdü”, - o əlavə edib.
Deputat bildirib ki, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi:
“2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama
dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının
Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi
səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və
onların gələcək inkişafına təkan verdi. Bu gün iki ölkə arasnda
münasibətlər uğurla inkişaf etdirilir. Azərbaycan və Vyetnam
qarşılıqlı olaraq bir-birinin suverenliyinə və ərazi bütövlüyünə
hörmət prinsipini əsas tutaraq, beynəlxalq platformalarda
bir-birini dəstəkləyirlər. Xarici işlər nazirliklərinin xətti ilə
siyasi məsləhətləşmələr aparılır. Onlardan sonuncusu bu il aprelin
ikinci yarısında keçirilib. Hər iki ölkənin parlamentlərində
parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət
göstərir.
Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama
Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.
Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur. Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir”.