Bakı. Trend:
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib təşəkkürünü bildirməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinin təzahürüdür.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, iki ölkə arasında əlaqələrin dərin tarixi kökləri var:
“Pakistan və Azərbaycan arasında mövcud olan münasibətlər güclü tarixi, dini və mədəni bağlara əsaslanır. İki dövlət arasında münasibətlər Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən dərhal sonra qurulmuş və bu günə qədər strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf etmişdir. Bu münasibətlər təkcə diplomatik sahədə deyil, eyni zamanda iqtisadiyyat, müdafiə, təhsil və mədəniyyət sahələrində də dərinləşərək qarşılıqlı inam və həmrəylik üzərində qurulub”.
Deputat bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Pakistan onu tanıyan ilk ölkələrdən biri olmuşdur:
“1992-ci ilin iyun ayında iki ölkə arasında diplomatik münasibətlər rəsmi şəkildə qurulub. Pakistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi ardıcıl dəstək xüsusilə diqqətəlayiqdir — İslamabad Qarabağ münaqişəsi dönəmində BMT qətnamələrini dəstəkləyərək, Ermənistanı işğalçı tərəf kimi tanımış və bu ölkə ilə diplomatik əlaqə qurmaqdan imtina etmişdir. Azərbaycanda eyniylə qardaşlıq münasibətini nümayiş etdirərək Hindistanla-Pakistan arasında silahlı münaqişə zamanı Pakistanla həmrəy olduğunu bildirdi. Bu eyni zamanda Azərbaycanın sadiqliyini və etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi”.
Deputat əlavə edib ki, illər ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələr iki ölkə arasında münasibətləri daha da möhkəmləndirib:
“Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın dövlət başçıları arasında keçirilən çoxsaylı görüşlər, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ikitərəfli münasibətlərin güclənməsinə imkan yaradıb. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir”.