Bakı. Trend:
Azərbaycan dövləti üçün vətəndaşların təhlükəsizliyi və ölkənin sabitliyi hər zaman əsas prioritetlərdən biri olub. Bu gün regionda baş verən proseslər ölkəmizin təhlükəsizlik strategiyasının nə qədər doğru olduğunu bir daha göstərir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, quru sərhədlərimizin bağlı qalması bu prioritetin praktik təzahürüdür:
“Azərbaycan bir neçə ildir ki, quru sərhədlərini bağlı saxlayır. Bu qərar pandemiya dövründə tətbiq olunsa da, son proseslər göstərdi ki, bu addım təkcə sağlamlıq səbəbləri ilə deyil, eyni zamanda milli təhlükəsizliyin təmin olunması üçün atılıb. Bu baxımdan quru sərhədlərimizin bir neçə ildir ki, bağlı saxlanılmasının doğru addım olduğu özünü bir daha aydın şəkildə göstərdi.
Prezident İlham Əliyev çıxışlarının birində vurğulamışdı ki, quru sərhədlərin bağlı saxlanması Azərbaycan ərazisində təhlükəsizliyi təmin etmək üçün yeganə düzgün addımdır. Bu bəyanat regionda artan geosiyasi gərginliklər, xüsusilə də Yaxın Şərqdə – İran və İsrail arasında baş verən münaqişə fonunda daha da aktuallaşır”.
Deputat qeyd edib ki, son günlərdə İran və İsrail arasında artan münaqişə, pilotsuz uçuş aparatları və raket hücumları kimi hərbi toqquşmaların genişlənməsi, bölgədəki təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirib.
“Belə bir şəraitdə Azərbaycanın sərhədlərini nəzarətsiz şəkildə açması, ölkəni potensial təhdidlərə və qeyri-sabitlik dalğalarına məruz qoya bilərdi.
Azərbaycan həm coğrafi, həm də siyasi baxımdan strateji bir bölgədə yerləşir. Bu səbəbdən, qonşu ölkələrdə və regionda baş verən istənilən gərginlik, bilavasitə ölkənin daxili sabitliyinə təsir göstərə bilər. Quru sərhədlərin nəzarət altında saxlanması, qeyri-qanuni miqrasiyanın və mümkün terror təhdidlərinin qarşısının alınmasında mühüm rol oynayır.
Azərbaycanın təhlükəsizlik strategiyası regional reallıqlara uyğun olaraq çevik və praqmatik şəkildə formalaşdırılır. Quru sərhədlərin bağlı qalması bu strategiyanın mühüm tərkib hissəsidir və bu günkü hadisələr göstərir ki, bu qərar tamamilə doğrudur”.