Bakı. Trend:
30 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Bobur Usmanovu qəbul edib.
XİN-dən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn planlar və birgə layihələr, ikitərəfli ali səviyyədə planlaşdırılan səfərlərə hazırlıq, o cümlədən, çoxtərəfli əməkdaşlıq gündəliyi, ölkəmizdə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə olunub.
Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli təmaslar, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin, qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.