...

Bəzz qalasına yürüşün iştirakçılarından 5 mindən çoxu həbs olunub

Siyasət Materials 4 İyul 2006 14:52 (UTC +04:00)

Güney Azərbaycanda Bəzz qalasına yürüşün qarşısının alınması nəticəsində həbs olunan soydaşlarımızın sayı 5 mindən çoxdur. Bu barədə Trend ə Bütöv Azərbaycan Birliyinin (BAB) Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli məlumat verib.

O, bildirib ki, İranın hüquq-mühafizə orqanlarında yürüş zamanı çəkilmiş kasetlərə baxılır, aksiya iştirakçıları həbs olunur. Onların əksəriyyətnə çox böyük məbləğdə cərimə kəsilir. A.Səmədbəylinin sözlərinə görə, hüquq-mühafizə orqanlarında öz hüquqlarını bilməyən bir çox soydaşlarımıza sənədə imza atdırırlar. Sonradan onlar bilirlər ki, növbəti dəfə belə tədbirlərdə iştirak edəcəkləri təqdirdə 33 min dollar cərimə ödəyəcəklərinə dair sənədi imzalayıblar. İran hakimiyyəti bu yolla gələcək aksiyaları da əngəlləyir, dinc tədbirlərin keçirilməsinə mane olur.

A.Səmədbəyli bildirib ki, həbs olunan soydaşlarımızdan girov qoymaq, maddi vəsait ödəmək hesabına azad olunanlar da var. Amma ümumilikdə Güneydə yaşayan soydaşlarımızın böyük əksəriyyətinin maddi durumu çox aşağı səviyyədə olduğundan onlar cərimələri, azadlığa çıxmaq üçün tələb olunan məbləği ödəyə bilmirlər. BAB-ın rəhbəri qeyd edib ki, Bəzz qalasına yürüşün qarşısı alındığından Güney Azərbycanın ayrı-ayrı yerlərində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin yenidən qalaya yürüş təşkil olunması təklifi də irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti