...

Fuad Muradov: "Gürcüstanda yaşayan soydaşlarımıza normal şəkildə torpaq paylanılır"

Siyasət Materials 27 İyul 2006 16:07 (UTC +04:00)

Gürcüstanda səfərdə olan Azərbaycan nümayəndə heyəti azərbaycanlıların kompakt yaşadığı rayonlarda olublar. Gürcüstanda yaşayan soydaşlarımıza normal şəkildə torpaq paylanılır. Bu barədə Trend ə millət vəkili Fuad Muradov bildirib.

Qeyd edək ki, 24-28 iyul tarixlərində Batumidə keçirilən "Biz demokratiyaya və azadlığa inanırıq" mövzusunda beynəlxalq konfransda iştirak edən Azərbaycan nümayəndə heyəti Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə maraqlanmaq üçün iyulun 27-də Marneuli rayonunda olublar. Nümayəndə heyətinə Milli Məclisin deputatları Qənirə Paşayeva, Rauf Əliyev, Fuad Muradov və Eyvaz Qurbanov daxildir.

F.Muradov bildirib ki, onlar Marneulidə azərbaycanlıların mədəniyyət evində soydaşlarımızla görüş keçiriblər. Görüşdə rayonun qubernatoru da iştirak edib: "Daha sonra görüşümüzü şadlıq evində davam etdirdik. Burada Aşıq Kamandarın 70 illiyinə həsr edilən kitabın təqdimatı da keçirilib".

Millət vəkili onu da əlavə edib ki, iyulun 27-də günün ikinci yarısından sonra nümayəndə heyətinin bir hisəssi Qardabaniyə, digəri isə Dmanisiyə yola düşəcək: "Qubernatorla birlikdə Qardabanidə iki xəstəxananın açılışında iştirak edəcəyik". Millət vəkili onu da bildirib ki, soydaşlarımızla görüşlərdə müəyyən problemlərdən də danışılıb: "Müəyyən mənada problemlər qalıb. Ancaq artıq torpaq islahatına başlanılıb. Torpaqlar normal şəkildə əhaliyə paylanılır. Yeni yollar çəkilir".

Xəbər lenti

Xəbər lenti