Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın sabiq iqtisadi inkişaf naziri aclıq aksiyasını dayandırıb. Bazar ertəsi axşam saatlarında Fərhad Əliyevlə görüşən vəkil Elton Quliyev bildirib ki, sabiq nazirin səhhəti ağırdır.
Sabiq nazir yanvarın 31-də imzaladığı və mətbuatda dərc olunmuş bəyanatında fevralın 2-dən 48 saat müddətinə aclığa başlayacağını elan edib.
O, öz həkimi tərəfindən, yaxud başqa həkimlər tərəfindən, amma vəkillərinin iştirakı ilə hərtərəfli müayinə aparılmasını və müalicəsi üçün şərait yaradılmasını tələb etdiyini və qısa müddət ərzində bu baş verməsə, fasiləsiz aclığa başlayacağını vurğulayıb.
Vəkil onun tibbi müayinədən keçirilməsi üçün İstintaq Təcridxanasının rəhbərinə müraciət edib. Vəkilin iştirakı ilə Əliyevin tibbi müayinədən keçirilməsinə söz verilsə də, günün sonu olduğundan sabiq nazir həkim müayinəsindən keçirilməyib. Əliyevin bu gün tibbi müayinədən keçirilməsi gözlənilir.
Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib və sonradan ona qarşı iqtisadi cinayətlərdə iştirakı ilə bağlı ittiham irəli sürülüb.
Əliyev həbs olunduğu vaxtdan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.