...

Şou-biznes nümayəndələri cəbhə bölgələrində tez-tez çıxış etməlidirlər

Cəmiyyət Materials 27 Fevral 2008 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /müx. TrendLife Türkan İmaməliyeva/

Ulduzlarımız çox zaman ağızdolusu Azərbaycanda tanındıqlarını söyləyirlər. Azərbaycan məgər tək elə Bakıdan ibarətdir? Bir də nəzərə alsaq ki, bu torpaq hələ də müharibə vəziyyətindədir, cəbhə bölgələrində bizim keşiyimizi çəkənlər də yada düşür. Görən bizim populyar sənətçilərimiz cəbhə bölgərində olurlarmı, əsgərlərimiz qarşısında çıxış edib onlara mənəvi ruh vermək barədə düşünürlərmi? Bu günlərdə millət vəkili Qənirə Paşayeva da belə bir təkliflə çıxış edib ki, incəsənət xadimlərimiz Bakıda pul qazanmaqla yanaşı, cəbhə bölgələrində də konsert proqramları ilə çıxış etməlidirlər. Təbii ki, Qənirə Paşayevanın bu təklifi müsbət qarşılanmalıdır. Həqiqətən, incəsənət xadimlərimiz, müğənnilər heç olmasa ildə bir neçə dəfə cəbhə bölgələrində konsert proqramları ilə çıxış etsələr, çoxmu əziyyətə düşərlər? Elə bu məsələ ilə bağlı bir çox sənətçilərimizə müraciət etdik.

Xuraman Şuşalı: "Mən özüm Şuşadan olduğum üçün köçkünçülüyün, müharibənin nə olduğunu hamıdan yaxşı bilirəm. Bu fikirlə də tam razıyam ki, incəsənət nümayəndələrimiz, müğənnilər  Bakıda olduğu kimi, ön cəbhədəki insanlar, əsgərlər qarşısında da çıxış etməyə borcludurlar. Mən özüm cəbhə bölgəsində konsert verəndə bir daha başa düşdüm ki, əsgərlərimizə mənəvi ruh verə bilərik. Onlar sənətçiləri görəndə inanın ki, sevinirlər, düşünürlər ki, onları xatırlayanlar var. Allah qoysa, yenidən cəbhə bölgələrində konsert proqramı ilə çıxış etməyi planlaşdırmışam".

Xumar Qədimova: "Mən həmişə daxilən vətənpərvər olmuşam. Əgər cəbhə bölgələrinə konsertlər təşkil olunsa, təbii ki, bu xalqın bir sənətçisi kimi, qatılaram. Axı, orada bizim keşiyimizi çəkənlər də övladlarımızdı. Bu işi təşkil edən qurumun yaranması daha yaxşı olardı. Çünki təşkilatçılıq olsa, bu həm sistematik şəkildə aparılar, həm də bütün bölgərə getmək mümkün olar".  

Cavid Hüseyn: "Mən də bir azərbaycanlı kimi, bu torpağı sevirəm. Cəbhə bölgələrində konsertlər təşkil olunsa, təbii ki, bu konsertlərdə iştirak edərəm. Mən bütün ömrümü Azərbaycanın bütövlüyünə, dilimizin yaşamasına sərf etmişəm. Çox istərdim ki, bu səfərlər keçirilsin, biz də əsgərlərimiz qarşısında çıxış edək"  

Ayaz Qasımov: "Əgər belə konsertlər təşkil olunsa, inanmıram ki, hansısa sənətçimiz bu konsertə qatılmaqdan imtina edər. Xüsusilə də gənc sənətçilər üçün bu, daha yaxşı olardı. Həqiqətən, biz bugünkü sakitçiliyimizi sərhəddə olan əsgərlərimizə borcluyuq. Bir çox sənətçilərin mənasız layihələri üçün sponsorlar tapılır, imkanlı şəxslər də bu səfərləri təşkil edə bilərlər".

Səidə Sultan: "Belə konsertlər təşkil olunarsa, əlbəttə, iştirakda geri qalmaram".

Xəbər lenti

Xəbər lenti