...

Azərbaycanda sifarişili qətllər törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 9 Mart 2010 13:58 (UTC +04:00)
Azərbaycanda sifarişli qətllər törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib.
Azərbaycanda sifarişili qətllər törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda sifarişli qətllər törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend -a verilən məlumata görə, 2003-2004-cü illərdə sifarişli qətllər törətməkdə təqsirləndirilən Şöhrət Quliyev, Mehman Qəhrəmanov, Elmar Qasımov, İlham Şabanov və Anar Həsənovun cinayət işi məhkəmənin hakimi Kəramət Əliyevin icraatına verilib.

Cinayət işi hakim icraatına yeni verildiyindən, məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.
Gəncə sakini Şöhrət Quliyev öz gəlirlərini artırmaq məqsədilə biznes fəaliyyətində rəqib hesab etdiyi, Bakıdakı "Sədərək" Ticarət Mərkəzində çilçıraq satışı ilə məşğul olan Əhməd İbrahimovu öldürmək qərarına gəlib. Bunun üçün o, 2003-cü ilin dekabr ayında qabaqcadan əlbir olduğu həmyerliləri Mehman Qəhrəmanov, Elmar Qasımov və hazırda Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən Anar Həsənovla cinayət əlaqəsinə girərək, Əhməd İbrahimovun öldürülməsini sifariş edib və əvəzində 25 000 ABŞ dolları vəd edib.

Sifarişin icrası üçün Mehman Qəhrəmanovun göstərişinə əsasən, Elmar Qasımov və Anar Həsənov 2003-cü il dekabrın 18-də Bakı şəhərinə gəliblər. Həmin gün Elmar Qasımov Əhməd İbrahimovu izləyib və sonuncunun idarə etdiyi avtomaşınla yaşadığı ünvana gəlməsi barədə həyətdə onu gözləyən Anar Həsənovu məlumatlandırıb. Əhməd İbrahimov binanın 2-ci mərtəbəsinə qalxarkən, Anar Həsənov özündə olan "Makarov" tipli tapançadan baş nahiyəsinə iki dəfə atəş açaraq onu öldürüb. Sifarişin icra olunması haqqında məlumatı aldıqdan sonra, Şöhrət Quliyev vəd etdiyi məbləği Mehman Qəhrəmanova verib və həmin pul cinayətkar qrupun üzvləri arasında bölüşdürülüb.

Bundan sonra Şöhrət Quliyev öz cinayətkar əməllərini davam etdirərək, guya ona biznes fəaliyyətində maneçilik törədən həmyerlisi Kamal Ələkbərovu da öldürtmək qərarına gəlib. O, qabaqcadan əlbir olduğu Mehman Qəhrəmanov, Elmar Qasımov, İlham Şabanov və Anar Həsənovla cinayət əlaqəsinə girərək, bunun müqabilində 25 000 ABŞ dolları verəcəyini vəd edib. Mehman Qəhrəmanovun göstərişinə əsasən, cinayəti törətmək üçün İlham Şabanov müvafiq hazırlıq görərək, Elmar Qasımov və Anar Həsənovdan əldə etdiyi "Makarov" tipli tapançanı üstündə gəzdirməklə 2004-cü il martın 22-də Kamal Ələkbərovun Gəncə şəhərində yaşadığı ünvana gedib. Kamal Ələkbərov idarə etdiyi avtomaşınla evinin darvazasına yaxınlaşarkən,            İ.Şabanov tapançadan yaxın məsafədən 7 atəş açaraq onu öldürüb. Şöhrət Quliyev sifarişin icrası üçün vəd etdiyi pulu Mehman Qəhrəmanova verib.

Xəbər lenti

Xəbər lenti