"Sivilizasiyaların qarşılıqlı fəaliyyəti" fondunun prezidenti Rəhamim Emanuilov xüsusi olaraq Trend üçün
Bu gün, XXI yüzilliyin əvvəlində, qloballaşan dünyada müxtəlif konfessiya və mədəniyyətlərə aid insanların daim qarşılıqlı fəaliyyətdə olduğu halda din ilə siyasət, din ilə zorakılıq arasında əlaqələr olduqca çox əhəmiyyətlidir. Böyük əks-səda doğuran son terror aktlarının bu və ya digər dərəcədə dini əsasları görünürdü. Bu isə ən ciddi narahatlıq doğurmaya bilməz.
Ötən əsrin son onillikləri və bugünkü əsrin əvvəlində dünyada təhlükəsizliyə qarşı ən mühüm çağırışlardan biri dini bayraq altında çıxış edən terrorçuluq oldu. Siyasi zorakılıq ilə dini etiqadın bir-biri ilə qarışdığı vəziyyət həddindən artıq təhlükəlidir. "Dindar" (məhz belə dırnaqarası) terrorçular üçün zorakılıq müqəddəs kitablarda (istər İncil, istərsə də Quran və ya digər müqəddəs yazılarda) bəraət qazandırılan borcdur. Dinlə legitimləşən zorakılıq özünü dəstəkləyən formanı alır, çünki zorakı hərəkətlər özü-özlüyündə Tanrının "sanksiyası ilə" baş verən hadisə hesab edilir. Bundan əlavə, dini libas altında fəaliyyət göstərən terror qruplaşmaları digər səbəblərdən istifadə edən (ifrat solçu, ifrat sağçı, yaxud millətçi və s.) terrorçu strukturlarla müqayisədə həddindən artıq müqavimətlidirlər.
KİV və kütləvi şüurda elə bir stereotip mövcuddur ki, "dini" terrorçuluq öz radikal oxunuşunda, az qala, yalnız islamla bağlanılır. Əslində isə islam bayrağı altında çıxış edən kifayət sayda ekstremist qruplaşmaların mövcud olmasına baxmayaraq, terror xarakterli zorakı hərəkətlərə dini əsaslandırmanı digər konfessiyaların da davamçıları təmin edir.
Öz fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə etdikləri idealların nə qədər ülvi və müqəddəs olmasına baxmayaraq, zorakılıq və ölüm yayan ekstremistlər adından çıxış etdikləri dinin simasını müəyyən edirlərmi? Cavab birmənalıdır: xeyr.
Bununla belə, bir problem üzə çıxır: iman naminə zorakılığa hazır insanların hərəkətlərinə görə bu və ya digər din nə dərəcədə məsuliyyət daşıyır? Əslində, praktik olaraq bütün dünya dinləri öz əsasında sülh və məhəbbət ideyalarını dəstəkləyir. Bu, şübhəsiz, belədir, lakin biz onu da yaddan çıxarmalı deyilik ki, "dindən çıxan ekstremistlər"in öz ideoloji anlayışları boş yerdə yaranmır, əksinə, qəti şəkildə dini ənənələrə, müqəddəs dini mətnlərə və hörmətli ilahiyyat peşəkarlarının yazılarına istinad edir.
Digər məsələ ondan ibarətdir ki, konfessional mühitdə baxışları nə qədər əhatəli olsa da, ekstremistlər dinin ruhunu və mahiyyətini dəyişir. Bu fikir ekstremizm və terrorçuluğu din mahiyyətindən ayıranların rəyi ilə razılaşmaq imkanını vermir. Dünya dinləri bir neçə yüzilliklərdir mövcuddur, lakin "dini" terrorçuluq tarixi gözlərimiz qarşısında formalaşıb.
Terrorçular və ekstremistlərin hərəkətinə görə məsuliyyəti bu və ya digər etnik, yaxud dini icmanın üzərinə qoymaq nəinki tam səhv mövqedir, o cümlədən, qüsurlu və çox təhlükəlidir. Bundan əlavə, ekstremist və terrorçuların ideoloji quruluşunun xarici atributları və konkret dini tərkibini bir yana qoysaq, onda onların nəzəriyyəsi və təcrübəsinin əsasında biz məhz dinin diktəsi ilə yaranan xüsusi elementi görməyəcəyik. Lakin dözümsüzlük ruhu, "yadlara" ədavət hissi çox müxtəlif - istər dünyəvi, istərsə də sırf dini "çalarlar"ın ekstremistlər üçün birləşdirici təsirini göstərir.
Dini ekstremizm və terrorçuluqla bağlı problemlərin həlli üçün hökumətlər nəinki terrorçu qruplaşmaların ifşa olunması, o cümlədən, müxtəlif icma daxilində terrorçuluğu yaradan səbəblərin də müəyyən edilməsi ilə məşğul olmalıdır. Nə qədər paradoksal olsa da, dini ekstremistlərdən irəli gələn terror təhlükəsinə effektiv şəkildə müqavimət göstərmək üçün düşmənçilik və ədavət ritorikası arasında onların həqiqətini də eşitmək zəruridir. Tamamilə aydındır ki, ekstremist təbliğatın potensial davamçılar üçün cəlbedici xarakteri boş yerdə qurulmur. Terrorçuluğun yayılmasına səbəb olan şərtlər arasında münaqişələr, yoxsulluq, zəif inkişaf, təməl insan hüquqlarının pozulması və qanunun aliliyinin olmamasıdır. Ekstremizm və terrorçuluq yayılması üçün formalaşdırıcı mühit olan problemlərin həllində qısamüddətli, sadələşdirilmiş, demoqrafik və cəza üsulları nəinki faydasız ola bilər, o cümlədən özündə təhlükəni ehtiva edər.
Ekstremizmin ideoloqları insanların üzləşdiyi real şəkildə mövcud olan problemləri bacarıqlı şəkildə istifadə edirlər və həmin problemlər peşəkarcasına qabardılır; bəzən aydın şəkildə şişirdilir və bir çox hallarda ifrat dərəcəyə çıxarılır. Söhbət istər bu və ya digər ölkələrdə korrupsiyaya uğramış rejimlərdə, istərsə də başqa rəydə olanlara qəddar siyasi təqiblərin edilməsi, Qərbin üçüncü dünya ölkələrindəki siyasəti və öz məqbul və mənfi cəhətləri ilə seçilən düşünülməmiş şəkildə tətbiq edilən qərbləşdirmədən gedir. Bu mövzularla manipulyasiya bir çox hallarda çoxsaylı dindarların ekstremist ritorikasına minimum canıyanan diqqətini təmin edir.
Burada digər mühüm bir şərt üzə çıxır - dini ekstremizm ideologiyasına insanlar üçün alternativ kimi xidmət edə biləcək real ideallar, əxlaq və ideya ilə tutuşdurmaq vacibdir. İdeya və əxlaqi boşluq və/və ya onu süni yaradılmış və tətbiq edilən ideoloji sxemlərlə əvəz etmək cəhdi nəinki yeni "əsgərlər"in ekstremistlər tərəfindən cəlb edilməsinin qarşısını ala bilər, o cümlədən, gəncləri onların sıralarına daxil etmək imkanı yaradar.
Radikalizm, ekstremizm və diniəsaslı terrorçuluq sadə izahatlara getməyən mürəkkəb çoxtərkibli fenomenlərdir. Onların yaranması bir sıra səbəb və mənbələrlə bağlıdır. Məhz bu səbəbdən, cari terrorçu hərəkatın köklərini adi alətlərlə aradan qaldırmaq olmaz. Sadəcə, hərbi və sosial səylərin olması azdır. Gərgin intellektual və dini işin aparılması zəruridir. Hansı bayraq altında gizləndiyindən asılı olmayaraq, ekstremist hərəkatın intellektual əsaslarını sarsıtmaq üçün səylər göstərilməli və yeni terrorçular axınını dayandırmaq üçün bütün mümkün işlər görülməlidir. Bu baxımdan, əlbəttə, ölüm, düşmənçilik və ədavət yayan ekstremistlərin adından çıxış etməyə çalışan dini konfessiyaların nümayəndələri öz sözünü deməlidir.
Dini əsasları olan terrorçulugun bütün bəşəriyyətə gətirdiyi təhlükə sırf insan tələfatı ilə məhdudlaşmır. Digər mühüm təhlükə terror hərəkətləri nəticəsində yaranan müxtəlif konfessiyalar arasında (həmçinin, həmin konfessiyalar daxilində) qarşılıqlı şübhə və qorxu ilə bağlıdır. Bu zorakılıq onilliklər, hətta yüzilliklər üçün yatan təhlükəni yaradan etnik və dini hüdudları daha da dərinləşdirir. Məhz bu, belə ekstremizmin əsas təhlükəsidir.
Sivilizasiyanın ən mühüm nailiyyəti hesab edilən mədəniyyətlərin çoxçalarlılığı və ictimai quruluşda fərqlərin qəbul edilməsi üçün xalqları inandırmaq və müxtəlif icmaları yaxınlaşdırmaq məqsədilə bütün mümkün işlər görülməlidir. Konfessiyalar və sivilizasiyalar arasında dialoqu qurmaq olduqca vacibdir. Bu cür dialoq nəinki siyasi, dini, iqtisadi və intellektual elitaların kiçik həcmini, o cümlədən, müxtəlif ölkələrdə əhalinin geniş kütlələrini əhatə etməlidir. Gənclər bu dialoqa ən fəal şəkildə cəlb olunmalıdır. Dinlər, mədəniyyətlər və insanların dialoqu terrorçuluq və ekstremizmə güclü immunitetin formalaşması üçün bir növ "peyvənd" rolunu oynamalıdır. Əlbəttə ki, biz bu cür dialoqun həmin hadisələrə tam son qoymağa qadir olmadığını anlamalıyıq, lakin ədavət və zorakılıq ideologiyası ilə onsuz aparılan mübarizə, sadəcə, təsəvvüredilməzdir. Çoxmillətli və konfessional ölkə kimi, Rusiya dövlət olaraq, bu proseslərdən kənarda qalmamalıdır və qala bilməz.
Dini icmalar bəşəriyyət qarşısında duran təxirəsalınmaz məsələlərə dair vahid yanaşmaları tərtib etməlidirlər. Sülh və ədalətli dünya quruluşunun təmin edilməsi, mövcud təhlükələrin aradan qaldırılması üsullarının formalaşması və dinlərarası dialoqa yeni təkan verilməsi üçün yollar axtarmaq zəruridir. Bir məqamı da dərk etmək vacibdir: mədəniyyətlərin özünəməxsusluğu qloballaşma şəraitində qorunub-saxlanılmalıdır. Aydındır ki, bütün mədəniyyətlər, sivilizasiyaların öz taleyinin və bütün dünyanın taleyinin həllinə çıxışı təmin edilməlidir. Əlbəttə ki, müstəmləkə keçmiş müasir dünyada müxtəlif mədəniyyətlərin maraqlarının natarazlığına bir çox hallarda gətirir. Lakin bu gün mövcud olan həmin natarazlıq ekstremizmi yaradan mənbə olmalı deyil. Anlanılmalıdır ki, barışıq mövqeyi yekun nəticədə daha əlverişli ola bilər. Bəşəriyyətin inkişafında dəyişkənlik çox gözlənilməz ola bilər və İncil dili ilə desək, sonuncular birincilərin yerini tuta bilər...