...

Azərbaycan Təhsil Nazirliyi Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 29 Aprel 2010 18:55 (UTC +04:00)
Azərbaycan Təhsill Nazirliyi Moskva Dövlət Açıq Universitetinin (MDAU) Bakı filialının xüsusi lisenziyasını ləğv edib.
Azərbaycan Təhsil Nazirliyi Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətini dayandırıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Təhsill Nazirliyi Moskva Dövlət Açıq Universitetinin (MDAU) Bakı filialının xüsusi lisenziyasını ləğv edib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 2002-ci ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmış (2007-ci ildə təkrar lisenziyalaşdırılıb) Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 19 noyabr 2007-ci il tarixli 031973 №-li xüsusi lisenziya verilib.

Qeyd olunanlarla bağlı təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Əmrə əsasən, cari tədris ilinin başa çatmasına az müddət qaldığı nəzərə alınaraq, tələbələrin təhsil hüquqlarını, imtahan-məqbul sessiyalarının və buraxılış yekun attestasiyasının başa çatdırılmasını, bu il filialı bitirəcək məzunlara Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən diplomların verilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verdiyi lisenziya 1 sentyabr 2010-cu il tarixdən ləğv olunub.

Eyni zamanda, Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərlərinə Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilən lisenziyanın ləğv olunması barədə aidiyyatı dövlət orqanlarına və həmin universitetin rəhbərliyinə məlumat verilməsi, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, bu filiala qəbul olunub hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlanması tapşırılıb.

Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib ki, Moskva Dövlət Açıq Universitetinin (MDAU) Bakı filialının tələbələri özəl ali təhsil müəssisələrinə köçürülə bilər.

"Bu məsələ müvafiq dövlət strukturları ilə nəzərdən keçirildikən sonra Moskva Dövlət Açıq Universitetinin (MDAU) Bakı filialının tələbələrinin özəl ali təhsil müəssisələrinə köçürülməsi barədə qərar qəbul oluna bilər", - nazir jurnalistlərə deyib.

Onun sözlərinə görə, əgər diplomlar qanuni hesab edilərsə, həmin ali təhsil müəssisəsinin tələbələrinin diplomları tanınacaq.

Xəbər lenti

Xəbər lenti