...

Azərbaycanın "Neftçi" klubu komandaya hakimlərin kömək etməsi barədə yayılan məlumatları böhtan hesab edir (FOTO, VİDEO)

Cəmiyyət Materials 10 Mart 2011 15:22 (UTC +04:00)
Azərbaycanın futbol klublarının güclənməsi "Neftçi"nin apardığı islahatlarla bağlıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə "Neftçi" PFK-nın vitse-prezidenti Tahir Süleymanov bildirib.
Azərbaycanın "Neftçi" klubu komandaya hakimlərin kömək etməsi barədə yayılan məlumatları böhtan hesab edir (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın futbol klublarının güclənməsi "Neftçi"nin apardığı islahatlarla bağlıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə "Neftçi" PFK-nın vitse-prezidenti Tahir Süleymanov bildirib.

Onun sözlərinə görə, "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır və bu səbəbdən klubda aparılan islahatlar Azərbaycanın başqa klublarına da təsirsiz ötüşmür.

Süleymanov son zamanlar "Neftçi" haqqında yayılan şayiələrə də aydınlıq gətirib. O, qeyd edib ki, bəzi mətbu orqanlarda məlumatlar yayılır ki, guya "Neftçi"nin oyunlarında hakimlər "alınır" və məhz hakimlərin "fəaliyyəti" nəticəsində komanda qalib gəlir.

"Son illər "Neftçi"yə qarşı belə bir yanlış mövqe tutulub ki, guya "Neftçi"ni bilərəkdən çempion etmək istəyirlər. Bu fikirlərin əsassız olduğu hər dəfə sübut olunur. "Neftçi"nin sonuncu dəfə nə vaxt çempion olduğunu hamımız bilirik", - Süleymanov əlavə edib.

Vitse-prezident deyib ki, komandanın rəhbərliyi də, məşqçilər də, futbolçuların əksəriyyəti də yerli kadrlardır.

"Azərbaycanın digər iddialı komandalarının heç birində 18, 19 və ya 20 yaşlı yerli futbolçular oynamır. İl ərzində 25-30 legioner gətirənlər haqqında belə fikrilər yayılmır. Heç onlara qarşı bu cür böhtan kampaniyaları aparılmır, lakin Azərbaycan futbolunun inkişafına cəhd göstərən "Neftçi" ilə bağlı yanlış informasiyalar yayılır", - o, qeyd edib.

Komandanın baş məşqçisi Arif Əsədov bildirib ki, bu cür yanlış informasiyaların yayılması oyunçuların psixoloji durumuna da təsir edir.

"Bu halın oyunçularımıza psixoloji təsir göstərməməsi üçün əlimizdən gələni edirik. Hər dəfə belə fikir yaranır ki, guya hakimlər gəlib bizim futbolçularımızın əvəzinə oyun oynayırlar. Bu cür hallar bizi həvəsdən salır və bizə pis təsir edir", - Əsədov deyib.

"Neftçi"nin kapitanı Rail Məlikov da komanda haqqında yayılan yanlış məlumatlara qarşı olduğunu bildirib.

"Bizə heç kimi köməyi lazım deyil. Nə hakimlərin, nə də başqalarının. İndiyə qədər nə etmişiksə, öz gücümüzə etmişik", - Məlikov vurğulayıb.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti