...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ABŞ Dövlət Departamentinin nümayəndələrini qəbul edib

Cəmiyyət Materials 14 Mart 2011 18:02 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin nümayəndələrini qəbul edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ABŞ Dövlət Departamentinin nümayəndələrini qəbul edib

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin nümayəndələrini qəbul edib.

Hidayət Orucovun ABŞ Dövlət Departamentinin antisemitizmin monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi elçi xanım Hanna Rozental, müsəlman icmaları ilə iş üzrə xüsusi nümayəndə Fərəh Pandit və onları müşayiət edən şəxslərlə görüşündə müasir dünyada din və gənc nəsil məsələlərinə toxunulub, hər cür milli - dini ayrı-seçkiliyin, dini ekstremizmin qarşısının alınması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Xüsusi nümayəndələr Azərbaycana səfərin "2011-Nifrət əleyhinə saatlar" kampaniyasına hazırlıq məqsədi daşıdığını qeyd edərək bildiriblər ki, Azərbaycanın məxsus olduğu tarixi tolerantlıq ənənələrini yüksək dəyərləndirmələri məhz ölkəmizə səfər seçimində həlledici rol oynayıb.

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndələri bu məsələdə Azərbaycanın malik olduğu təcrübəyə, həmçinin kampaniya çərçivəsində ölkəmizin mənəvi dəstəyinə güvəndiklərini xüsusi vurğulayıblar.

Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı respublika Konstitusiyasında və "Dini etiqad azadlığı haqqında" qanunda öz əksini tapıb.

O qeyd edib ki, tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib.

"Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir, respublika ərazisindəki mövcud xristian-provaslav məbədləri planlı şəkildə təmir və bərpa olunur, katolik kilsələri və yeni sinaqoqlar tikilir, o cümlədən bir müddət öncə şəhərimizin mərkəzində Azərbaycan Aşkenazi yəhudiləri üçün məbəd ucaldılıb, dağ yəhudiləri üçün isə tikilən sinaqoqun inşası başa çatmaqdadır. Qeyri-müsəlman xalqlarının müqəddəs bayramlarında, ümumxalq hüzn günlərində Azərbaycan Prezidenti İlham Əliyev ölkə vətəndaşlarına müvafiq müraciətlər edir", - Orucov deyib.

Dövlət Komitəsinin sədri əlavə edib ki, "din və gənc nəsil" həqiqətən də dünya əhəmiyyətli mövzudur, "nifrət əleyhinə saatlar" formatında dini maarifləndirmə məsələlərində niyyət müsbət olduğundan hər cür dəstəyə layiqdir.

Orucov "2011-Nifrət əleyhinə saatlar" kampaniyasına hazırlıq işlərinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəal qoşulacağına əmin olduğunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti