...

Azərbaycanda ilk dəfə azyaşlı uşaq üzərində açıq ürək əməliyyatı həyata keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Mart 2011 14:16 (UTC +04:00)
Azərbaycanda ilk dəfə azyaşlı uşaq üzərində açıq ürək əməliyyatı həyata keçirilib.
Azərbaycanda ilk dəfə azyaşlı uşaq üzərində açıq ürək əməliyyatı həyata keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ilk dəfə azyaşlı uşaq üzərində açıq ürək əməliyyatı həyata keçirilib. Trend-in Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Quba Müalicə-Diaqnostika Mərkəzində aparılan açıq ürək əməliyyatları ilə Azərbaycanın səhiyyə tarixində yeniliyə imza atılıb.

Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin maliyyə dəstəyi ilə keçirilən humanitar aksiya çərçivəsində martın 16-dan etibarən Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksəkixtisaslı kardiocərrahiyyə briqadası MNX-nın Ürək və Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi ilə 9 xəstə üzərində açıq ürək əməliyyatlarının aparılmasına başlayıb. Aksiyanın ilk günü şəhid atası və Qarabağ əlili 62 yaşlı Rafiq Heybətov, Şuşa şəhərindən məcburi köçkün, 4 yaşlı Nəzrin Xəlilova və 1 yaşlı Mədinə İbrahimovanın üzərində əməliyyat həyata keçirilib. Hər üç əməliyyat uğurla nəticələnib.

Martın 17 və 18-də Şabran rayon sakini, 29 yaşlı Xədicə Abdulova, Quba rayon sakinləri - 55 yaşlı Səadət Məmmədrzayeva, 54 yaşlı Səfər Hüseynov, 4 yaşlı Gülşən Məmmədova, 10 yaşlı Zamir Niftiyev, 9 yaşlı Gülcahan Vəliyeva üzərində əməliyyatlar aparılması nəzərdə tutulur. Əməliyyat üçün seçilən şəxslərin hamısı ürəyin işemik xəstəliyi və anadangəlmə ürək qüsurundan əziyyət çəkir və bəzilərində belə qüsurlar iki və ya daha çoxdur. Əməliyyatdan sonra bütün xəstələrin normal həyat şəraitinə qayıdacağı gözlənilir.

MNX-nin Ürək və Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, ürək-damar cərrahı Rəşad Mahmudovun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin apardığı sosial islahatların məntiqi nəticəsi olaraq, Azərbaycanın ayrı-ayrı regionlarında inşa edilən müasir tipli Müalicə Diaqnostika Mərkəzlərində bu günə qədər 200-dən çox xəstə üzərində açıq ürək əməliyyatları, 500-dən çox xəstə üzərində angioqrafiya müayinələri aparılıb. Bununla yanaşı, son 4 ildə MNX-nin Ürək və Damar Xəstəlikləri Mərkəzi tərəfindən regionlar üzrə 5 mindən çox xəstənin ambulator müayinəsi həyata keçirilib. O, həmçinin qeyd edib ki, bu aksiyalarla yanaşı, yerli kadrların da Ürək və Dammar Xəstəlikləri Mərkəzində təkmilləşdirilməsi işi davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti