Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda yaşayan gürcülərdən fərqli olaraq, Gürcüstanda yaşayan soydaşlarımızın din sahəsində ciddi problemləri var. Trend-in məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bu gün Gürcüstan Patriarxının xüsusi nümayəndəsi, Gürcü Pravoslav kilsəsinin Xornabuci və Hereti Yeparxiyasının yepiskopu Arkadi Xaçidzenlə görüşündə deyib.
Bu problemlərin hələ də davam etdiyini deyən Orucov bildirib ki, Gürcüstan Müsəlmanları İdarəsi adlı yeni qurumun yaradılması orada yaşayan soydaşlarımızın ciddi narazılığına səbəb olub.
"Bu, bizim üçün çox gözlənilməz hadisədir və ciddi narahatlığımız var. Çox istərdim ki, bu məsələ ilə bağlı narahatlığımızı Patriarx II İlya həzrətlərinə çatdırasınız", - komitə sədri vurğulayıb.
Dövlət Komitəsinin sədri Gürcüstanda azərbaycanlılar yaşayan kəndlərdə xaçların qoyulmasından və bunun soydaşlarımızın narazılığına səbəb olmasından da danışıb.
O qeyd edib ki, bu məsələni 2009-cu ildə Gürcüstana rəsmi səfəri zamanı Patriarx II İlya, Gürcüstanın yüksək səviyyəli rəsmiləri və Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze ilə müzakirə edib.
Ancaq problemin həlli ilə bağlı vədlər verilsə də, təəssüf ki, bu istiqamətdə hələ də ciddi addımlar atılmayıb.
Görüşdə din sahəsində ikitərəfli əlaqələr, Azərbaycandakı gürcü pravoslav məbədlərinin mövcud vəziyyəti və onlara məxsus dini icmaların fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda digər konfessiyalar kimi, gürcü pravoslav dini icmalarına da fəaliyyət göstərmələri üçün hər cür şərait yaradıldığını deyən Dövlət Komitəsinin sədri bu sahədə heç bir problemin olmadığını bildirib.
O qeyd edib ki, Dövlət Komitəsi Qax rayonunda iki gürcü pravoslav dini icmasını dövlət qeydiyyatına alıb və onlar hazırda sərbəst fəaliyyət göstərirlər.
Orucov Azərbaycanda qeyri-islam təmayüllü dini icmalara xaricdəki mərkəzlərinə tabe olmaq hüququ verildiyini bildirib.
O deyib ki, həmin dini icmalarda xaricdəki mərkəzləri tərəfindən təyin olunmuş ruhanilər fəaliyyət göstərirlər.
"Bu məsələdə heç bir icmaya məhdudiyyət qoyulmayıb. Hətta, mənsublarının sayı çox az olan dini icmaların da bu qaydada fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb", - Orucov deyib.