Azərbaycan, Bakı, 17 may /Trend/
ARDNŞ-nin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Birmingem Universitetinin bir qrup nümayəndəsi Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.
Bakı Ali Neft Məktəbindən Trend-ə verilən məlumata görə, qonaqları ölkəmizdə və BANM-də görməkdən məmnunluq hiss keçirdiyini bildirən ali məktəbin rektoru Elmar Qasımov qeyd edib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir və bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır.
ARDNŞ-nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan Qasımov bildirib ki, yeni ali məktəbin yaradılmasında əsas məqsəd məhz bu layihələrdə işləyəcək müasir standartlara cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır.
Azərbaycana dəvət olunduqlarından məmnunluğunu ifadə edən Birmingem Universitetinin nümayəndəsi qeyd edib ki, Bakı Ali Neft Məktəbi ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazırdır.
Tədbir çərçivəsində BANM və Birmingem Universitetinin tələbələri arasında beynəlxalq tələbə mübadiləsi, uğurlu karyera seçimi və inkişafı yolları, tələbə həyatı, mühəndislik peşəsi kimi mövzularda fikir mübadiləsi aparılıb.