...

17 minə yaxın abituriyent kolleclərə qəbul ərizəsini təsdiqlədib

Cəmiyyət Materials 10 Mart 2020 13:25 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 11-dək internet vasitəsilə aparılır.
17 minə yaxın abituriyent kolleclərə qəbul ərizəsini təsdiqlədib

Bakı. İlhamə İsabalayeva - Trend:

2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ümumi (9 illik) orta təhsil bazasında abituriyentlərin ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 11-dək internet vasitəsilə aparılır. Bu gün saat 12:50-yə olan məlumata görə, müsabiqədə iştirak etmək üçün 16587 abituriyent (Azərbaycan bölməsi - 16075; rus bölməsi - 512) ərizəsini təsdiqlədib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq ad və paroldan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiqləyirlər.

Xatırladaq ki, müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiqləmək üçün tələb olunan məbləği (20 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti