...

Monitorinqlərin təşkil edilməsi şagirdlərə nə qazandırır? - ŞƏRH

Cəmiyyət Materials 22 May 2025 09:39 (UTC +04:00)
Monitorinqlərin təşkil edilməsi şagirdlərə nə qazandırır? - ŞƏRH
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, IV və VI siniflərində təhsil alan şagirdlərin təxminən 98 faizi monitorinqdə iştirak edib. Şagirdlər arasında monitorinqlərin aparılmasında əsas məqsəd şagirdlərin bilik səviyyəsini ölçməklə yanaşı, həm müəllimlərə, həm proqram tərtibçilərinə, həm də təhsili idarəetmə orqanlarına vacib olan təhlilləri aparmaq üçün məlumat toplamaqdır.

Maraqlıdır, bəs, monitorinqlərin təşkil edilməsi şagirdlərə nə qazandırır?

Mövzu ilə bağlı Trend-ə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, monitorinqlərin keçirilməsi şagirdlərə çoxşaxəli şəkildə töhfələr verir və bu prosesin mahiyyəti təkcə qiymətləndirmə deyil, həm də istiqamətləndirmə xarakteri daşıyır.

“İlk növbədə monitorinqlər şagirdlərin mövcud bilik və bacarıq səviyyəsini obyektiv şəkildə ölçmək üçün mühüm vasitədir. Bu tip yoxlamalar şagirdin hansı sahələrdə geri qaldığını, hansı fənlərdə və ya mövzularda daha güclü olduğunu dəqiq şəkildə müəyyən etməyə imkan verir. Bu isə fərdi yanaşma prinsipinə əsaslanan təhsilin inkişafında mühüm addımdır. Şagird öz zəif və güclü tərəflərini monitorinq nəticəsində gördükdə, özünü tanımağa və inkişaf yollarını planlamağa başlayır.

Monitorinqlərin başqa bir əhəmiyyətli tərəfi motivasiyaedici roludur. Şagirdlər öz biliklərinin real qiymətləndirildiyini və obyektiv şəkildə dəyərləndirildiyini gördükdə dərsə maraqları artır, təlim prosesinə daha ciddi yanaşmağa başlayırlar. Bu həm də onların məsuliyyət hissini formalaşdırır və sistemli öyrənməyə təşviq edir. Əlavə olaraq, monitorinqlər nəticə əsaslı təhsilin təşviqinə dəstək olur. Müəyyən hədəflər qarşıya qoyulduqda və bu hədəflərə çatmaq üçün konkret ölçü mexanizmləri tətbiq olunduqda, şagirdlər məqsədli şəkildə çalışmağa meyilli olurlar”,- deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, monitorinqlərin daha dərin təsirlərindən biri də refleksiya və özünüqiymətləndirmə bacarığının formalaşmasıdır:

“Şagirdlər nəticələri təhlil etdikcə düşünmə bacarıqları inkişaf edir, tənqidi yanaşma, problem həll etmə və strategiya qurmaq kimi XXI əsr bacarıqları formalaşmağa başlayır. Bu, təkcə akademik uğur üçün deyil, həyat bacarıqları baxımından da mühüm əhəmiyyət daşıyır.

Monitorinqlərin faydası yalnız şagirdlə məhdudlaşmır. Bu proses eyni zamanda müəllimlər və məktəb rəhbərliyi üçün də məlumatlandırıcı xarakter daşıyır. Müəllimlər şagirdlərin nəticələrinə əsasən tədris metodlarını təkmilləşdirə, diferensial yanaşma tətbiq edə və müəllim-şagird münasibətlərini daha məqsədyönlü şəkildə qura bilərlər. Yəni monitorinq sadəcə bir nəticə deyil, təhsildə geribildirim (feedback) mexanizminin əsas alətlərindən biridir”.

“Ümumilikdə monitorinqlər şagirdin tədris prosesindəki mövqeyini müəyyən etməyə, inkişaf yolunu planlamağa və uğur strategiyasını qurmağa imkan verən strateji vasitədir. Əgər bu proses düzgün planlaşdırılsa, nəticələr səmərəli təhlil edilsə və bu nəticələrə əsasən fərdi və sistemli qərarlar qəbul olunsa, monitorinqlər təhsilin keyfiyyətinə və şagirdin şəxsiyyət kimi formalaşmasına mühüm töhfə verə bilər”,- deyə ekspert əlavə edib.

Mövzu ilə bağlı Trend-ə danışan təhsil eksperti Rizvan Fikrətoğlu isə bildirib ki, təhsil adına, şagird və müəllimlər adına görülən hər müsbət iş dəyərləndirilməlidir və qiymətləndirilməlidir:

“Məlum olduğu kimi, mayın 17-də ölkə üzrə bütün dövlət ümumtəhsil müəssisələrində IV siniflər, mayın 18-də isə VI siniflər üzrə ümumilikdə 310 mindən çox şagirdin iştirakı ilə monitorinq keçirildi. IV siniflərdə keçirilən monitorinqdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə biliklər yoxlanıldı. Monitorinqlərin məqsədi müəllimlərə, proqram tərtibatçılarına və təhsilin idarə olunması üzrə orqanlara lazımi təhlilləri aparmaq üçün məlumat toplamaq imkanı yaratmaqdır”.

Ekspertin sözlərinə görə, valideynlər bəzən düşünürlər ki, bu imtahanlar uşaqların ümumi qiymətləndirilməsinə, sinifdən-sinifə keçməsinə təsir göstərə bilər:

“Amma qeyd edilməlidir ki, monitorinqin nəticələri yalnız təhlil məqsədi daşıyır və şagirdin təhsil prosesinə mənfi təsir etmir. Əsas məqsəd – şagirdlərin bilik və bacarıq səviyyəsinin hansı standartlara uyğun olduğunu müəyyənləşdirmək, nəticədə təhsilin keyfiyyətini artırmaqdır.

Bu baxımdan, monitorinqlər nəticəsində əldə olunan məlumatlar əsasında müəyyən ediləcək:

- Hansı məktəblərdə, hansı siniflərdə nəticələr zəifdir,

- Hansı fənlərdə çatışmazlıqlar var,

- Həmçinin hansı region və ya sektorda idarəetmə güclü və ya zəifdir.

Ümumilikdə şagirdlərinin 98%-i monitorinqdə iştirak edib ki, bu da yüksək göstəricidir. Prosesin təşkili də yüksək səviyyədə həyata keçirilib. Regional təhsil idarələrinin nümayəndələri prosesi yaxından izləyiblər. Xoşagəlməz halların qarşısı vaxtında alınıb. Məsələn, bəzi siniflərdə texniki problemlər olsa da, tez bir zamanda həll olunub”.

Ekspert vurğulayıb ki, ilk dəfə olaraq Qarabağ bölgəsində də monitorinqlər təşkil olunub.

“ Bu ərazilərdə təkcə VI sinif üzrə 9603 şagird monitorinqə cəlb edilib.

Bununla yanaşı, qeyd etməliyəm ki, bu tip monitorinqlər dünyanın bir çox ölkələrində tətbiq olunur. Məsələn, İngiltərə, Estoniya və Sinqapurda belə sistemlər var. Məqsəd isə heç də uşaqları cəzalandırmaq deyil – əksinə, zəif tərəfləri müəyyən edib onların üzərində işləmək və təhsilin keyfiyyətini artırmaqdır.

Monitorinqlər kompüter əsaslı aparılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təxminən 10 min şagird elektron formatda monitorinqə cəlb edilib. Biz bu saylara baxanda görürük ki, həqiqətən iştirakçılıq yüksək səviyyədə təmin edilib”,- deyə R.Fikrətoğlu əlavə edib.

Qeyd edək ki, 17 və 18 may tarixlərində dövlət ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə monitorinq keçirilib. Ölkə üzrə ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsil alan şagirdlərin təxminən 98 faizi monitorinqdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti