...

Ədliyyə Nazirliyində yaradılmış Seçki Komissiyasının iclası keçirilib

Cəmiyyət Materials 6 İyul 2006 18:45 (UTC +04:00)

İyulun 6-da ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə nazirlikdə yaradılmış Seçki Komissiyanın ilk iclası keçirilib. Bu barədə Trend ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, qeyri-hökumət təşkilatları (QHT) ilə Ədliyyə Nazirliyi arasında əməkdaşlığı yeni müstəviyə keçirmək məqsədilə "Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları" hazırlanaraq Kollegiyada təsdiq olunub. Həmin qaydalara uyğun olaraq ictimai nəzarəti həyata keçirən İctimai Komitəni formalaşdırmaq üçün əlaqədar dövlət və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr əsasında geniş tərkibli Seçki Komissiyası yaradılıb.

Seçki Komissiyasının ilk iclasında nazir Fikrət Məmmədov çıxış edərək onun üzərinə düşən mühüm vəzifələrdən danışıb, penitensiar sistemin fəaliyyətində şəffaflığın təmin olunmasının, bunun üçün İctimai Komitənin yaradılmasının vacibliyini vurğulayıb. İclasda iştirak edən Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman, Vəkillər Kollegiyasının üzvü Şəfayət Həsənov, Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov, Milli QHT Forumunun İdarə Heyətinin sədr müavini Dilarə Vəliyeva və başqaları çıxış edərək penitensiar sistemdə aparılan islahatları müsbət qiymətləndiriblər və İctimai Komitənin əhəmiyyətini vurğulayıblar. İclasda İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyən bir sıra qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin Komissiyaya təqdim etdikləri proqram və təkliflərə baxılıb.

Xəbər lenti

Xəbər lenti