...

DAK-ın IX qurultayı Brüsseldə keçiriləcək

Cəmiyyət Materials 27 İyul 2006 12:34 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin IX qurultayının keçiriləcəyi yer müəyyənləşib. Bu barədə Trend ə DAK-dan məlumat verilib. Qurultay bu il dekabrın 9-10-11-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

Qurultayın Belçikada Avropa Parlamentinin zalında keçirilməsi planlaşdırılır. Lakin bu, baş tutmasa, qurultay "Beltürk" dərnəyinin zalında, yaxud şəhərin mərkəzi otellərinin birində olacaq. Qurultayda dünyanın müxtəlif ölkələrindən olmaqla 450-500 nəfərin iştirakı gözlənilir. Üçgünlük qurultayın ilk günü cari məsələlərin müzakirəsinə həsr olunacaq, ikinci gün seçkilər keçiriləcək, DAK-ın yeni rəhbəriliyi və strukturları formalaşdırılacaq. 3-cü gün isə Güney Azərbaycan Forumu keçiriləcək. Forum bütünlükdə Güney Azərbaycana həsr olunacaq, soydaşlarımızın problemləri, hüquqlarının tanınması uğrunda apardıqları mübarizəsi, davam etməkdə olan milli hərəkat geniş müzakirə olunacaq, bəyanat və müraciətlər qəbul ediləcək.

Hazırda isə qurultaya hazırlıq işləri davam etdirilir, DAK-ın Azərbaycan nümayəndəliyində iclaslar keçirilir. Qurultaya hazırlıq işləri ilə əlaqədar DAK-ın sədr müavini Eldar Qaradağlı Bakıya gəlib. İsveçdə yaşayan E.Qaradağlı Bakıda bir sıra görüşlər keçirir. Onun Azərbaycanın rəsmi şəxsləri, iqtidar və müxalifət nümayəndələri, ziyalılarla görüşləri olub.

Xəbər lenti

Xəbər lenti