Bakı. Trend:
“Formula 1” üzrə dünya çempionatının üçüncü mərhələsi – Yaponiya Qran-prisi Maks Ferstappenin inamlı qələbəsi ilə yadda qalıb. Suzukada keçirilən yarışda “Red Bull” pilotu mövsümdə ilk, karyerasında isə 64-cü qələbəsini əldə edib.
Trend xəbər verir ki, cümə gününün sərbəst yürüşlərində “McLaren” pilotları Lando Norris və Oskar Piastri üstünlük nümayiş etdirsələr də, sıralanma turunda Ferstappen fərdi ustalığını göstərərək poul qazanıb.
Belə ki, bu, onun Suzukada ardıcıl 4-cü pouludur.
Suzukada ötmələr çətin olduğu üçün sıralanma turu həftəsonunun ən əsas sessiyası sayılır. Məhz bu sessiyada sürücünün ustalığı, onun psixoloji dayanıqlığı əsas rol oynayır. Ciddi təzyiq altında “McLaren” komandasının hər iki sürücüsü səhv yol verib, amma son dörd ilin dünya çempionu Maks Ferstappen son cəhdində heç bir səhvə yol vermədən karyerasında 41-ci poulunu qazanıb. Xatırladaq ki, Maks sonuncu dəfə komandası “Red Bull”un ev yarışında - Avstriyada ilk yerdən start almışdı.
Mətbuatın və azarkeşlərin, xüsusən də yaponların ən çox müzakirə etdikləri mövzu isə “Red Bull”da sürücü dəyişikliyi olub. Liam Louson cəmi iki yarışdan sonra “Racing Bulls”a göndərilib, yaponiyalı Yuki Tsunoda əsas komandaya yüksəlib.
Startda ilk onluqda ciddi dəyişiklik olmayıb. Trasın rezindən təmizlənməsi səbəbilə təkərlərin ilişməsi zəif olub və sürücülər risk etməyib. Yarış boyunca strateji pit-stoplar da mövqeləri dəyişdirməyib. Ferstappen liderliyini qoruyaraq rəqiblərinə heç bir şans verməyib.
“McLaren” pilotları Norris və Piastri podiumu tamamlayıblar. “Ferrari”dən Şarl Lekler 4-cü, “Mercedes” pilotları Corc Rasl və Kimi Antonelli isə sıralarını qoruyaraq yarışı başa vurublar.
Yarışda yeganə ötməni “Ferrari”nin yeddiqat çempionu Lyuis Hemilton edib - o, debütant Ayzek Həcərini (“Racing Bulls”) geridə qoyub. Xal zonasını Aleks Elbon (“Williams”) və Oliver Berman (“Haas”) bağlayıblar.
Çempionat artıq növbəti mərhələyə - Bəhreyndəki axşam yarışına hazırlaşır.