...

Qurban bayramında fəaliyyət göstərəcək heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür

İqtisadiyyat Materials 9 Avqust 2019 12:55 (UTC +04:00)
Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir.
Qurban bayramında fəaliyyət göstərəcək heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür

Bakı. Trend:

Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva deyib.

Onun sözlərinə görə, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir:

"Bütün bunları nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlar tərəfindən bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində vətəndaşların ixtiyarına veriləcək 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür".

Paytaxtda və Respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək.

Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi də xüsusi materiallardan hazırlanıb və drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək. Çadırtipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımı avadanlıqlarla təchiz edilib.

Sözügedən kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək.

Mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək. Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulacaq və həmin tullantılar ərazidən dərhal daşınacaq.

Agentlik bir daha Qurban bayramında heyvan kəsimini həyata keçirən şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələri və çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

Vətəndaşlardan xahiş olunur ki, bayram günlərində sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı müşahidə olunduqda Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə, Kənd Təsərrüfatı Nazirliyinin isə 1652 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti