Bakı. Trend:
Dünya Bankı (DB) "Baku Harmoniya" təşəbbüsünə dəstək göstərəcək.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının kənd təsərrüfatı və ərzaq üzrə qlobal məsələlər üzrə direktoru Şobha Şetti COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
"COP29-un "Baku Harmoniya" təşəbbüsünün təqdimatı münasibətilə sizi təbrik edirəm. Bu təşəbbüs bilik mübadiləsi və yayımı, investisiyaların cəlbi və kiçik fermerlərin imkanlarının genişləndirilməsi üçün vacib bir alət olacaq. Təşəbbüs, dayanıqlı kənd təsərrüfatının təşviqi, ərzaq təhlükəsizliyinin təmin olunması və yoxsulluqdan azad və yaşamaq üçün əlverişli bir dünya yaratmaq məqsədilə kənd yerlərinin inkişafına dəstək sahəsində Dünya Bankının öhdəlikləri ilə mükəmməl uyğunlaşır", - deyə o qeyd edib.
Dünya Bankının direktoru vurğulayıb ki, DB kiçik fermerlərə və aqrar-ərzaq sektorunda iqlim maliyyələşdirilməsinə dəstək üçün aparıcı maliyyə mənbəyi kimi "Baku Harmoniya" təşəbbüsünə öz bilik və təcrübəsini tətbiq edəcək.
"Biz aqrar-ərzaq sektorunun dayanıqlı transformasiyası üzərində işimizi üç əsas baza üzərində qururuq: biliklər, maliyyə və tərəfdaşlıq. Paris Sazişi imzalanandan bəri Dünya Bankı kənd təsərrüfatına illik iqlim yönümlü investisiyalarını 8 dəfə artıraraq, 2023-cü maliyyə ilində təxminən 3 milyard dollara çatdırıb.
Keçən maliyyə ilində kənd təsərrüfatı və ərzaq sektorlarına yönələn ümumi kreditləşmədə iqlim dəyişikliyinə qarşı mübarizəyə yönəldilən vəsaitlərin payı 62 faiz təşkil edib ki, bu da əvvəlki ilin 51 faiz göstəricisindən xeyli yüksəkdir. Biz, həmçinin, 2030-cu ilə qədər aqrofinans və aqrobiznes sahəsində öhdəliklərimizi ikiqat artıraraq, illik 9 milyard dollara çatdırmaq üzərində çalışırıq", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.