Azərbaycan, Bakı, 05 sentyabr/ Trend Cap , müxbir İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) SC-nin Müşahidə Şurası artıq Prezidentin İcra Aparatına şirkətin kapitallaşmasına dair təkliflər təqdim edib", - Şuranın sədri, iqtisadi inkişaf naziri Heydər Babayev bildirib. Bu gün şirkətin Nizamnamə kapitalı 90 mln. manatdır.
"Başlanğıc mərhələdə AİŞ - ə ayrılan vəsaitlərin, demək olar ki, hamısı onun layihələrdəki iştirak payının ödənilməsi üçün istifadə edilib, - nazir qeyd edib. - İnvestisiya şirkətinin əlavə vəsaitlərə ehtiyacı var və bununla əlaqədar, ölkə prezidenti hökumətin respublikadakı sosial-iqtisadi inkişafın nəticələrinin müzakirəsinə dair sonuncu iclasında təklfilər hazırlamağı tapşırıb".
İndiyədək AİŞ beş layihənin maliyyələşdirilməsi üçün 55,2 mln. manat sərmayə yatırıb. Lakin nazirin bildirdiyinə görə, Müşahidə Şurasının yaxınlarda keçiriləcək iclasında iki layihə üzrə investisiya qərarının qəbul ediləcəyi gözlənilir.
İlin sonunadək "İstehsal Kommersiya MKT" MMC ilə toxuculuq fabrikinin tikintisinin təşkili, Det.Al Holding Limited ilə Gəncədə metallurgiya zavodunun tikintisi və Cənubi Koreyanın STX şirkəti ilə gəmiqayırma zavodunun tikintisi üzrə daha 3 layihəyə sırmayə yatırılmasına dair qərar qəbul etmək planlaşdırılır. Toxuculuq layıhəsinə 20 mln. manat yatırmaq planlaşdırılsa da, metallurgiya layihəsində 10 faizlik iştirak üçün ödəniləcək vəsaitin həcmi hələ dəqiqləşdirilir. AİŞ - də qalan vəsait şirkətin gəmiqayırma zavodunun tikintisində iştirak payı üçün (10 faiz) kifayət deyil. Səhmdar müqavilənin payızadək imzalanacağı və tikinti işlərinin 2008 - ci ilin sonu - 2009 - cu ilin əvvəlində başlayacağını gözlənildiyindən, şirkət bu layihənin maliyyələşdirilməsinə zəruri vəsaitləri gələn il yatıra bilər.
Adətən, iri layihələrdə vəsaitlərin tranşlarla ayrılması təcrübəsindən istifadə edirlər.
İnvestisiya şirkətinin Nizamnamə kapitalına əlavə vəsaitin yenidən ölkənin Dövlət Neft Fondundan köçürüləcəyi gözlənilir. AİŞ-in kapitalı ən azı 100 mln. manat artırıla bilər,- şirkətdə hesab edirlər.
Hazırki mərhələdə AİŞ -in kapitallaşdırılması döəvlət vəsaitləri hesabına davam etdiriləcək.
İnvestiyiya şirkəti qeyri - dövlət subsidiyalarının hesabına vəsait cəlb edə bilər. Bu məsələ şirkətin Müşahidə Şurasının səlahiyyətində olsa da, əsas məqsəd xaricdən vəsait cəlb edə və öz qiymətli kağızlarını yerləşdirə bilən şirkətin qurulmasıdır.
Yeganə problem ondadır ki, şirkətin kredit tarixi azdır. Lakin AİŞ dövlət strukturu olduğundan, üç il fəaliyyət göstərdikdən sonra əlavə maliyyələşdirmə cəlb edə bilər.
Azərbaycan İnvestisiya Şirəktinin minimal sərmayə məbləği 1 mln. manatdır. Maksimal limit bir layihəyə və ya onunla törəmə struktura AİŞ kapitalının 20 faizi səviyyəsində müəyyən edilib. Bu gün limit 18 mln. manat olsa da, AİŞ-in kapitalı artdıqca, məbləğ dəyişəcək.
AİŞ ölkə prezidentinin 2006 - cı il 30 mart tarixli qərarı ilə yaradılıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap