...

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri "Deutsche Invest"in idarəçiliyinə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2011 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri (ADIF) cari ilin əvvəlindən "Deutsche Bank"ın törəmə şirkəti "Deutsche Invest"in idarəçiliyinə verilib. Bu barədə Trend-ə bazar ertəsi fondun icraçı direktoru Azad Cavadov deyib.

"Deutsche Invest"ə ADIF-in kapitallaşdırılması üçün beş milyon avro KfW Almaniya İnkişaf Bankının, 10 milyon dollar isə fondun şəxsi vəsaitlərindən verilib", - Cavadov qeyd edib.

Onun sözlərinə görə, hazırda fondun ümumi aktivləri 30 milyon manata yaxındır. Bunun 13 milyonu dövlətin qiymətli kağızlarında yerləşdirilib.

Fondun investisiya siyasətinə görə, onun vəsaitləri "ААА" reytinqli xarici banklarda və maliyyə institutlarındakı yüksəkreytinqli qiymətli kağızlarda yerləşdirilə bilər.

ADIF 2007-ci il avqustun 13-də fəaliyyətə başlayıb və bu gün ölkədə fəaliyyət göstərən 44 bankdan 43-ü fonda daxildir. 2010-cu ilin yekunları üzrə ADIF-in üzvü olan banklarda fiziki şəxslərin məcmu depozitləri 2,912 milyard manat təşkil edib ki, bunun 1,051 milyard manatı sığortalanmamış, 1,861 milyard manatı isə sığortalanmış əmanətlərə aiddir. Hesabat dövrünə olan məlumata görə, sığortalanmış əmanətçilərin sayı 5 424 min nəfər təşkil edib.

Martın 7-nə olan rəsmi məzənnə 0,7938 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti